“Milli Şura, Rüstəm İbrahimbəyovun boyuna biçilmiş bir qurum, elə onun istefası ilə öz mövcudluğuna son vermiş sayıla bilər”. Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Zahid Oruc Milli Şurada baş verən son sədr dəyişikliyinə münasibət bildirərkən deyib. “Əks təqdirdə Rüstəm İbrahimbəyovla dubl variantda çalışan Eldar Namazov perspektiv görsəydi, oradan getməzdi. Perspektiv görünsəydi, belə istefalar da baş verməzdi”, - Z.Oruc əlavə edib. Milli Şuranın ötən gün keçirilən sessiyasında Rüstəm İbrahimbəyovun istefası qəbul olunub, Cəmil Həsənli isə Şuraya yeni sədr seçilib. Millət vəkili hesab edir ki, Milli Şura cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirməyi, intelligensiyanı, yazıçı birliklərini və cəmiyyətin diqər təbəqələrini cəlb etməyi bacarmadı. “Sıraları boşalan bir quruma Pan Gi Munu və ya başqasını rəhbər təyin edəndə heç nə dəyişməyəcək”, - o vurğulayıb. Z.Oruc onu da qeyd edib ki, Cəmil Həsənli xarizmaya malik olmayan bir şəxsdir. “Onun partiya quruculuğu təcrübəsi bərbad vəziyyətdədir. Digər tərəfdən də Cəmil Həsənlinin heç bir uzaqgörən planı olmadığına görə, qarşıdakı dövrdə mühüm bir obraz sərgiləyə bilməz. Cəmil Həsənli sadəcə elm adamıdır. Bundan kənarda onun siyasi şəxsiyyəti heç bir maraq doğurmur”, - millət vəkili əlavə edib.
Mənbə: Milli.Az