Çilidən olan 13 yaşlı Abram Karimoney dəniz kənarında gəzərkən suda butulka tapıb. Həmin butulkanın içində ingilis dilində məktub olub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Abram həmin məktubu məktəbə aparıb ki, ingilis dili müəllimi onu tərcümə etsin. Məktub tərcümə olunandan sonra məlum olub ki, butulka Çiliyə Yeni Zelandiya sahillərindən gəlib çıxıb. Butulkanı 2011-ci ilin dekabr ayında ekspedisiyalardan birinin kapitani Met Yansen atıb. Butulka okeanda 10 min kilometr yol qət edib. Məktubda aşağıdakı sözlər yazılıb: "Məni okean və onun axınları maraqlandırır. İstərdim ki, bu məktubu alan adam mənimlə əlaqə saxlasın. Buna görə mükafat da nəzərdə tutulur". Abram və müəlliməsi Metə elektron poçt ilə məktub yazıblar. Met isə bu xəbərdən çox şad olduğunu deyib və gənc oğlan ilə tanış olmaq istədiyini bildirib.
Mənbə: Milli.Az