Qadin.NET / TQDK bütün fənlər üzrə bank testlərini nəşr edəcək

TQDK bütün fənlər üzrə bank testlərini nəşr edəcək

 

Komissiyadan Trend-ə verilən məlumata görə, test bankının həm açıq (istifadə olunmuş), həm də qapalı (istifadə olunmamış) hissəsi nəşr edilməyə başlanıb. Artıq riyaziyyat və fizika fənləri üzrə bank testləri toplular şəklində istifadəyə verilib.  Toplulara Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1994-2013-cü illərdə keçirilən müxtəlif təyinatlı imtahanlarda - ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqları, habelə "Abituriyent" jurnalının ayrı-ayrı saylarında dərc edilmiş model testlər daxildir. Toplularda test tapşırıqlarının 25 faizi heç bir imtahanda istifadə olunmamış yeni növ test tapşırıqlarıdır. Toplular test bankında olan test tapşırıqlarının bütün modellərini əhatə edir, bu tapşırıqlar aktiv bankın bir hissəsidir və onların gələcəkdə imtahanlara düşməsi istisna olunmur. Toplular nəşrə hazırlanarkən test tapşırıqları dərslik, tədris və qəbul proqramlarındakı dəyişiklik və yeniliklər nəzərə alınmaqla bir daha ekspertizadan keçirilib, həm məzmun, həm də formaca təkmilləşdirilib. Test topluları testologiyaya maraq göstərənlər üçün dəyərli örnək, mənbə rolunu oynayacaq, ölkədə, region müəllimləri də daxil olmaqla, test tərtibi ilə məşğul olan mütəxəssislərin sayının artmasına imkan yaradacaq. Fənn müəllimləri və metodistlər təlim prosesində bank testlərindən biliyin qiymətləndirilməsi üçün istifadə edə biləcəklər. Abituriyentlər öyrəndikləri bilikləri bank testləri vasitəsilə yoxlamaq imkanı əldə edəcəklər. Testlər üzərində iş onların imtahana həm də psixoloji hazırlığında əhəmiyyətli rol oynayacaq. Bank testlərindən, həmçinin ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında test modelləri kimi istifadə ediləcək. Hər bir müəllim bu testlər vasitəsilə həm də öz peşə hazırlığını yoxlamaq və artırmaq imkanı əldə edəcək. Test toplularında tapşırıqların düzgün cavabları da verilib. Burada məqsəd şagird və abituriyentlərə testlərlə müstəqil surətdə, repetitor köməyinə müraciət etmədən işləmək imkanının yaradılmasıdır. Vəsaitləri TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Mənbə: Milli.Az

4 dekabr 2013
GO BACK