Dekabrın 4-də “Media forum” saytına danışan iqtisadçı ekspert Vüqar Bayramov deyib ki, Tarif Şurasının benzinin qiymətini artırmaqla doğru, ya yanlış qərar qəbul etdiyini müzakirə etməkdən daha çox qiymət artımının digər sektorlara təsirlərinin minimuma salınması ilə bağlı müzakirələr aparılmalı və hökumətin bu sahədəki fəaliyyəti gücləndirilməlidir: “Əvvəla, İqtisadiyyat və Sənaye Nazirliyi birmənalı şəkildə süni qiymət artımlarına qarşı mübarizə aparmalıdır. Süni qiymət artımlarını həyata keçirən sahibkarlara qarşı ciddi cəza tədbirlərinin müəyyənləşdirməsinə ehtiyac var.İkincisi, aqrar sektorda xərc artımlarının qarşısının alınması üçün subsidiyaların məbləği artırılmalıdır. Adi kənd təsərrüfatı məhsulları istehsal edənlər üçün subsidiya məbləğini hər hektara 40 manatdan 60 manatadək, strateji məhsullar istehsal edən fermerlər üçün isə 80 manatdan 100 manatadək artırmaq yaxşı olar. Bununla son qiymət artımının aqrar sektora təsirini minimuma endirmək mümkündür.Üçüncüsü, sahibkarlıq fəaliyyətinə yersiz və qanunsuz müdaxilələrin qarşısının alınması və eləcə də sahibkarlıq sektorunda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi vacibdir. Qeyri-rəsmi xərclərin aradan qaldırılması sahibkarlara enerji məhsullarının qiymətinin artımından yaranacaq xərci kompensasiya etmək imkanı verəcək.
Dördüncüsü, ictimai nəqliyyat sektoruna xüsusi subsidiyaların ayrılmasına ehtiyac var. Son qiymət artımları ictimai nəqliyyatın rentabelli işləməsinə imkan verməyəcək. O baxımdan ya ictimai nəqliyyatda qiymət artımlarına gedilməlidir, ya da həmin sektora subsidiya verilməlidir. Subsidiyanın verilməsi daha məqsədəuyğundur .Beşincisi, sahibkarlara güzəştli şərtlərlə yeni texnologiyanın ölkəyə gətirilməsinə və eləcə də idxalda bürokratik əngəllərin aradan qaldırılmasına ehtiyac var. Avropa Birliyi ölkələrinin təcrübəsi göstərir ki, yeni və az yanacaqda istifadə edən texnologiya xərclərə qənaət imkanı verir, bu da real sektorda istehsal edilən məhsulların qiymətini artmasının qarşısını alır.Nəhayət, ölkəyə idxal edilən avtomobillərin gömrük rəsmiləşdirməsinə yenidən baxılmasına ehtiyac var. Mühərriki kiçik olan avtomobillər üçün rüsumlar azaldılmalı, mühərrikinin gücü böyük olan avtomobillər üçün rüsumlar artırılmalıdır ki, çox yanacaq istifadə edən avtomobillərin idxalı azalsın”.
Mənbə: Milli.Az