Endryu Kanavan İngiltərənin "Nyukasl Yunayted" klubunun fanatik azarkeşidir. O, "göz bəbəyi kimi sevmək" ifadəsini də gerçəkləşdirib.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 35 yaşlı Endryu sağ gözünü 20 il əvvəl, 15 yaşı olanda itirmişdi.
Onun sözlərinə görə, "dolaşalar"ı o qədər sevir ki, həyatını komandasının matçlarına baxmadan təsəvvür etmir, ağlına da gətirmir.Kanavan çox sevdiyi "Nyukasl Yunayted"in emblemini gözündə gəzdirmək fikrinə düşmüşdü. Daha doğrusu, o, kor sağ gözünə "dolaşalar"ın emblemi olan linza qoymaq qərarına gəldi.Fəqət, klubun emblemindən yararlanmaq üçün Kanavan icazə almalıydı. "Nyukasl Yunayted" rəhbərliyi bundan xəbər tutanda fanatik azarkeşin xahişini dərhal yerinə yetirməyib. Azarkeş icazə üçün bir il gözləməli olub.Endryu indi sevimli klubunun doğma arenası "Sent Ceyms Park"ın məşhur simalarından birinə çevrilib.Endryunun sağ gözündəki şüşə bəbək Bləkpul şəhərində 150 funt-sterlinqə hazırlanıb.
Darem qraflığındakı Bişop-Oklend şəhərciyində yaşayan Endryu Kanavanın dediyinə görə, indi özünü bəxtəvər sayır.
"Yeni gözümlə fotomu çəkib Facebook-a yerləşdirəndən sonra məni minlərlə insan təbrik etdi. Lakin "Sanderlend"in azarkeşləri ələ saldılar. Onlara fikir vermirəm, çünki belə də olmalıydı. Doğulduğum yerdə klubu seçmirlər. Bura "Nyukasl Yunayted" məkanıdır. Emblemi gözümə qoymağa icazə vermələri üçün "Nyukasl Yunayted" rəhbərliyini uzun müddət dilə tutmalı oldum. Onlar fikirləşirdilər ki, emblemdən biznes məqsədi üçün istifadə etməyə hazırlaşıram. Lakin sonradan istəyimdə səmimi olduğumu anladılar", - üç övlad atası Endryu Kanavan deyib.
Mənbə: Milli.Az
Mənbə: Milli.Az