Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Şəkidə müşahidə olunan küləkli hava şəraitinin vurduğu fəsadlar axşam saatlarınadək şəhərin bəzi ərazilərini işıqsız qoyub. Belə ki, saat 21:00 radələrinə kimi şəhərin Mirzəfətəli Axundov prospekti və bəzi əraziləri işıqsız qalıb. Elektrik enerjisinin verilişində yaranan fasilələr səbəbindən Şəkinin bəzi əraziləri hətta axşam saatlarında işıqsız qalıb. Bu problem M.F.Axundov prospektində və Qışlaq deyilən hissəsində daha qabarıq şəkildə yaşanıb. Bu ərazilərdə yerləşən evlər və xidmət obyektləri qaranlıqda qalıb. Küləyin təsirindən elektrik naqillərində qırılmalar və bu kimi problemlər müşahidə olunub. Səhər saatlarında Şəkinin əksər əraziləri elektrik enerjisi problemi yaşayıb. Bu, bir sıra müəssisələrin işinə, o cümdələn Şəkidə yayımlanan televiziya və radio siqnallarına da təsirini göstərib. Həmçinin işığın olmaması şəhər ərazisində fəaliyyət göstərən bəzi dükan və restoran sahiblərinə də ziyan vurub. Güclü külək işıqforların faliyyətinə də təsir göstərib. Şəhərin bəzi ərazilərində işıqforların yanmaması nəqliyyatın hərəkətində problemlər törədib. Şəki Elektirik Şəbəkəsindən verilən məlumata əsasən isə idarənin əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində gün ərzində dayanmadan işlər görüb. Nəzərinizə çatdıraq ki, şəhər ərazisində işığın tam verilməsi saat 21:30 radələrində mümkün olub. Küləkli hava isə indiyədək davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu vəziyyət 4 dekabr səhər saatlarınadək davam edəcək.
Mənbə: Milli.Az