Ekspertlər boşanmaların artmasında ailələrə kənar təsirləri, “ərköyün valideyn”lərin “xidmətlərini” də problem kimi qeyd edirlər. Statistika Komitəsindən qəzetimizə verilən məlumata görə, ötən il ölkəmizdə boşanma səbəbindən 11 min 87 ailə dağılıb. Ən çox boşanmalar evlilik müddəti 1-5 il arasında olanlar qeydə alınıblar - 4094. Statistikaya nəzər yetirdikcə aydın olur ki, evlilik müddəti artdıqca, yaş artdıqca həm kişilər, həm də qadınlar arasında boşanmalar azalır. “Ailəm” jurnalının araşdırmasına görə bu onunla bağlıdır ki, evliliyin ilk illəri böyük həssaslıq tələb edir. Əksər ailə təcrübəsiz olduğu üçün evliliyin ilk illərində bir-birilərinə lazım olan diqqəti göstərə bilmirlər. Bundan başqa, uşaq dünyaya gəldikdən sonra tərəflər “analıq” və ya “atalıq” rollarını da ifa etməyə başlayırlar. Bu isə bəzi problemlərə səbəb olur. Belə ki, tərəflər, ilk növbədə, “analıq” və ya “atalıq” rollarını ifa etməyə çalışdıqları üçün çox vaxt “həyat yoldaşı” rolunu unudurlar.
Araşdırmalar göstərir ki, boşanmaların artmasında “ərköyün valideyn”lərin də “xidmətləri” var. Psixoloqların qənaətlərinə görə, bəzi valideynlər münasibətlərdə problem yaşanan ailələrdə tərəfləri sakitləşdirmək, səbirli olmağa çağırmaq, problemlərin müvəqqəti olduğuna inandırmağa çalışmaq əvəzinə, onları daha da qızışdırırlar. Bu məsələdə oğlanın valideynlərinin qızın valideynlərini, qızın valideynlərinin isə oğlanın ata-anasını ittiham etmələri vəziyyəti daha da qəlizləşdirir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov da boşanmaların artmasında ailələrə kənar şəxslərin müdaxiləsini xüsusi qeyd edir. Ekspertlər bu qənaətdədirlər ki, valideynlər problem yaşayan cütlükləri başa salmağa, doğru yolu göstərməyə çalışmalıdırlar.
Ölkəmizdə boşanmaların sayının artması hər kəsə bəllidir. Statistika Komitəsindən qəzetimizə verilən məlumata görə, ötən il ümumilikdə 11 min 87 boşanma qeydə alınıb. Statistikadan belə aydın olur ki, boşanmalar ən çox evlilik müddəti 1-5 il olanlar arasında qeydə alınıb. Belə ki, həmin müddətə aid olan evliliklərdə boşanma faktı 4094 olub. Nikahın davametmə müddəti 5-9 il olanlar arasında boşanma 2948 olub. Evlilik müddəti 10-19 il olan ailələr arasında isə boşanma 2353 olub. Nikahın davametmə müddəti 20 il və yuxarı olan ailələr arasında isə boşanma faktı ötən il 1692 olub.
Ən çox boşanma hansı yaşda qeydə alınıb?
Yaşa görə qruplaşdırdıqda isə ötən il kişilər arasında ən çox boşanma 30-34 yaşlılar arasında qeydə alınıb - 2472 nəfər. Boşananlar sırasında ikinci yerdə 25-29 yaşlı kişilər gəlir - 2240 nəfər. Ölkəmizdə 35-39 yaş arası kişilərdə də boşanmalar çoxdur. Təkcə ötən il 1778 ailə başçısı ailəsini itirib. Statistikaya nəzər yetirdikcə aydın olur ki, yaş artdıqca həm kişilər, həm də qadınlar arasında boşanmalar azalır. 40-44 yaşlı kişilər arasında 1498 boşanma, 45-49 yaşlılar arasında 991, 50-54 yaşlılar arasında 775, 55-59 yaşlılar arasında isə 360 boşanma qeydə alınıb.
Qadın və kişilər arasında yaş fərqi
Ötən il ölkəmizdə boşanmış qadınlarla kişilər arasında yaş fərqi nəzərə çarpır. Məsələn, kişilərdə ən çox boşanma 30-34 yaşlılar arasında (2472) qeydə alınıbsa, xanımlarda ən çox boşanma 25-29 yaşlılar arasında (2627 nəfər) qeydə alınıb.
Əslində bu statistikalar bir-birini dolayısı ilə tamamlayır. Söhbət ondan gedir ki, bizdə, adətən, kişilər özlərindən 4-5 yaş kiçik xanımlarla ailə qururlar. Odur ki, statistikadakı əlaqəni bu yöndən uzlaşdırmaq olar. Ötən il boşananlar arasında ikinci yerdə 30-34 yaşlı xanımlar gəlirlər - 2083 nəfər. Üçüncü yerdə 20-24 yaşlı xanımları qeyd etmək olar - 1650 nəfər. Sonrakı yerlərdə 35-39 yaşlı xanımlar (1633 nəfər), 40-44 yaşlı qadınlar (1125), 45-49 yaşlı qadınlar (859 nəfər) gəlirlər.
“Həyat yoldaşı” rolunuzu unutmayın
Araşdırmalar boşanmaların artmasının bir çox səbəbi olduğunu göstərir. “Ailəm” jurnalının bir araşdırmasında qeyd olunur ki, ilk uşaqdan sonra evliliklərdə müəyyən problemlər meydana çıxır. Qeyri-sabit və ya qeyri-müəyyən hərəkətlər tərəfləri hər gün yeni bir sual qarşısında qoyur. Halbuki, evliliyin bütün dövrlərində olduğu kimi bu dövr də böyük həssaslıq tələb edir. Əksər ailələr evliliyin ilk illərində təcrübəsüz olduqları üçün ilk mərhələdə bir-birilərinə lazım olan diqqəti göstərə bilmirlər. Ancaq zaman keçdikcə tərəflər “həyat yoldaşı” funksiyasını mənimsədikləri üçün bu problemlər öz-özlüyünə aradan qalxır. İlk uşaq dünyaya gəldikdən sonra isə yeni təcrübəsiz bir dövr başlayır. “Həyat yoldaşı” roluna yeni uyğunlaşmış valideynlər uşaqları dünyaya gəldikdən sonra “analıq” və ya “atalıq” rolunu da ifa etməyə başlayırlar. Bu isə birbaşa özünü büruzə verməsə də, valideynlərdə bəzi problemlərə səbəb olur. Belə ki, tərəflər ilk növbədə “analıq” və ya “atalıq” rolunu ifa etməyə çalışdıqları üçün çox vaxt “həyat yoldaşı” rolunu unudurlar. Nəticədə, bir-biri üçün “dəyərini itirən” tərəflər xoşbəxt ailə kimi görünməyə çalışsalar da, bir qədər sonra münaqişələr başlayır. Və gələcəkdə bu münaqişələr tərəfləri boşanmaya qədər aparıb çıxarır. Buna görə də tərəflər nə olursa olsun, həyat yoldaşı olduqlarını unutmamalı, xüsusilə, yeni evlənmiş və ya uşaq gözləyən tərəflər həm özlərini, həm də həyat yoldaşlarını yeni körpə üçün hazırlamalıdırlar. Əks halda problemsiz ötüşmək mümkün olmayacaq.
Boşanmalarda valideynlərin “xidməti”
Qəribədir ki, boşanmalarda valideynlərin də “xidməti” var. Psixoloqların qənaətinə görə, boşanan cütlüklərin keçdiyi yolu araşdıranda məlum olur ki, hər birinin bu vəziyyətə çatmasında valideynlərin müəyyən rolu olub. Yəni bəzi valideynlər münasibətlərdə problem yaşanan ailələrdə tərəfləri sakitləşdirmək, səbrli olmağa çağırmaq, problemlərin müvəqqəti olduğuna inandırmağa çalışmaq əvəzinə, onları daha da qızışdırırlar. Bu məsələdə oğlan tərəfinin qızın valideynlərini, qızın valideynlərinin isə oğlanın ata-anasını ittiham etməsi isə vəziyyəti daha da qəlizləşdirir.
Valideynlər problem yaşayan cütlükləri başa salmağa, doğru yolu göstərməyə çalışmalıdırlar. Onlar qarşılıqlı ittihamlardan çəkinməlidirlər. Əgər tərəflərin münasibətlərində anlaşılmazlıq davamlı olarsa, hər iki tərəfin valideyni həmin cütlüklə birgə masa arxasında oturmalı, onları başa salmağa çalışmalı, səhvlərin nədən qaynaqlandığını, axsamanın haradan başladığını müəyyənləşdirməli və çıxış yolunu göstərməlidirlər. Yox əgər vəziyyət daha kritikdirsə, hər iki tərəfin valideyni cütlüyə xəbər vermədən görüşməli, ortaq çıxış nöqtələri tapmalıdırlar. Əksinə, ittihamla, hədə-qorxu gəlməklə, öz səhvini, öz övladının səhvini görməzliyə vurub qarşı tərəfi ittiham etməklə heç nə müsbətə doğru dəyişməyəcək.
Dağılan ailəni bərpa etmək, onu dağılmamış bərpa etməkdən min dəfə çətindir
Əgər problemlərin kökündə maddi sıxıntılar dayanırsa, yenə də valideynlər bu işdə imkan daxilində köməklik əllərini uzada bilərlər. Sözün həm maddi, həm də mənəvi mənasında. Əgər maddi dəstəyə imkan yoxdursa, valideynlər tərəfləri, xüsusən də xanımı çətinliklərin müvəqqəti olduğuna inandırmalı, heç bir maddi sıxıntının ailədən dəyərli olmadığını başa salmağa çalışmalı, həyat yoldaşını bu vəziyyətlərdə anlamasına kömək etməlidirlər. Çünki maddi sıxıntılarla üzləşməsi, ailəsinin maddi problem yaşaması ailə başçısı üçün onsuz da ayrıca bir stress, dərddir. Belə bir məqamda xanımın səbrli olması, anlayışla qarşılaması işin xeyrinə olardı. Xanımın da bu mənada həyat yoldaşını hər şeyin yaxşı olacağına inandırması böyük önəm daşıyır. Bunu isə valideynlər övladlarını tərbiyə edərkən başa salmalıdırlar. Əgər salmayıblarsa, onda gec də olsa - başa salmalıdırlar. Bu, ailənin qorunub saxlanmasında çox böyük önəm daşıyır. Bütün hallarda boşanmaların artmasında hay-həşirçi valideynlərin rolu danılmazdır. Odur ki, əziz valideynlər bu məsələdə sizin də həssaslığınıza ehtiyac var. Unutmayaq, dağılan ailəni bərpa etmək, onu dağılmamış bərpa etməkdən min dəfə çətindir.
Mənbə: Milli.Az