Teatr bu dəfə tanınmış kinoaktrisa, Azərbaycan Respublikasının xalq artistiHəmidə Ömərova və Akademik Milli Dram Teatrının aktyoru, xalq artistiNurəddin Mehdixanlının iştirakı ilə yeni tamaşanın təqdimatına hazırlaşır. Dramaturq Əli Əmirlinin “Hasarın o üzü” adlı pyesi əsasında son məşqləri gedən eyniadlı tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimiBəhram Osmanovdur. Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, tamaşa bir ailə daxilində dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülmüşdür. Dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir. Ailə üzvləri bir-biri ilə kəskin və amansız mübarizəyə qoşulurlar. Bəs hadisələrin sonrakı inkişafı hansı istiqamətdə gedir və sonluq nə ilə bitir? Əlbəttə ki, bütün bunları yeni tamaşanı seyr edənlər biləcəkdir. Yeni səhnə əsərinin quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı xalq artisti Səyavuş Kərimidir. Rolları xalq artistləri Həmidə Ömərova (Humay), Nurəddin Mehdixanlı (Qərib), teatrın gənc aktrisaları Günel Məmmədova, Şəbnəm Hüseynova, Asya Atakişiyeva vəSəbinə Məmmədova ifa edəcəklər. Tamaşanın premyerası bu il dekabr ayının 21 və 22-də baş tutacaq.
Mənbə: Milli.Az