Dekabrın 5-də Kiyevdə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. APA-nın “Armenia today” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib. O, danışıqlarda mümkün olduğu qədər irəliləyişə nail olmaq istədiklərini söyləyib: “Təbii ki, hər iki tərəfin münaqişəni həll etmək arzusunun olması vacibdir”. E.Nalbandyan bildirib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir və Azərbaycan tərəfi də bu cür yanaşma nümayiş etdirərsə, danışıqlar prosesini inkişaf etdirmək və münaqişənin həllinə yaxınlaşmaq olar. Xatırladaq ki, noyabrın 19-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşündə xarici işlər nazirlərinə tezliklə görüşərək danışıqları davam etdirmək tapşırılıb.
Mənbə: Milli.Az