Dad baxımından qızarmış yeməklər yaşından asılı olmayaraq insanların ən sevdikləri yeməklərdir. Eyni ət, yaxud tərəvəz məhsulu qızardığında, dadı qaynadılmasına nisbətən kəskin fərqləndiyinə görə, əhali qaynadılmış yeməklərə elə də üstünlük vermir. Qızardılmış qidaların təhlükələri və zərərlərindən xəbərdar olan insanlar buna baxmayaraq ağız dadlarını dəyişmir. Həkimlər isə birmənalı şəkildə bu cür yeməklərin uzunmüddətli olacağı təqdirdə mədə-bağırsaq sistemində fəsadların yaranacağını deyir. Qızarmış qidaların istifadəsi zamanı sulu yeməklərin də hökmən qəbul edilməsinin vacib olduğunu qeyd edən həkimlərin fikrincə, xüsusən azyaşlıların qızarmış bütün qidalardan uzaq tutulması mütləqdir. Halbuki, indiki zamanda uşaqların, eləcə də gənclərin üz tutduğu əksər "fast food" restoranları məhz qızardılmış və istiotlu ədviyyatlar ilə bişirilmiş qidalar təklif edir. Elə bu səbəbdən də gənclərin ən sevimli məkanına çevrilir. Amerika elm adamları ötən il uzunmüddətli araşdırmalarının nəticələrini açıqlayan zaman qeyd ediblər ki, bütün qızarmış yeməklər insan orqanizmini zəhərləmir. Zeytun və günəbaxan yağlarında qızardılan yeməklər, bir dəfədən artıq istifadə olunmayan duru yağlar insan orqanizminə mənfi təsir etmir. 40 mindən artıq insan üzərində aparılan araşdırmaların nəticəsinə əsaslanan elm adamlarının fikrincə dəfələrlə istifadə olunan yağlarda bişirilən qidalar ürək damar xəstəlikləri ilə yanaşı müxtəlif bir sıra xəstəliklər meydana gətirir ki, nəticədə əhali arasında qızarmış qidalar təhlükə mənbəyi kimi göstərilir. Halbuki bu cür qidaların təhlükəsi yağındadır, qızarmasında yox. Yağın dəfələrlə istifadə olunması Azərbaycanda geniş yayılmış bir haldır. Xüsusən peraşki və bu kimi bol yağda bişirilən xəmir qidaların, eləcə də kartof qızartmalarının yağının hətta gün boyu dəyişilmədiyini müşahidə etmək elə də çətin deyil. "Bir istifadə ilə yağı atsaq axşama kimi yağ çatmaz" deyərək özünə bəraət qazandıran ayaqüstü qida məkanlarının satıcıları da az deyil. Bakı sakini 21 yaşlı Emiliya Süleymanova belə yeməklərdən hər gün istifadə etdiyini deyir: "Hər gün dərsdən çıxandan sonra peraşki, yaxud qızlarla olanda toyuq dilimləri alırıq. Bunların eyni yağda qızardıqlarını bilirəm, amma başqa çarəmiz yoxdur. Sağlam qidalar deyəndə nəyi nəzərdə tuturlar? Ev yeməklərindən başqa sağlam qida olduğuna inanmıram. Evdə də qızarmış yeməklərdən həftədə 3-4 dəfə istifadə edirik. Məncə belə şeylərə çox fikir vermək lazım deyil. Fikir verdikcə xəstəliklər artır". Qastroenteroloq Validə Mərdanovanın sözlərinə görə, qızarmış qidalar birmənalı şəkildə ziyanlıdır. Belə qidalardan mütəmadi istifadə etmək isə mədə-bağırsaq problemlərinin yaranmasına səbəb olur. Avropa ölkələrində aparılan araşdırmaların nəticələri hər insana aid ola bilməz, çünki orqanizm müxtəlifdir: "Qızarmış qidaların ziyanlı olduğunu hər kəs bilir. Bunun üçün hər hansı bir araşdırma aparmağa ehtiyac yoxdur. Qızarmış qidalar həftədə 1-2 dəfə qəbul olunmalıdır. Belə qidaların qəbulu minimuma çatdırılmalıdır. Yağda qızarmış qidalar kansoregen adlı maddə ilə zəngindir ki, bu da orqanizmin xərçəngə tutulmasına gətirib çıxarır. Bununla bağlı kifayət qədər məlumatlar var. Nəzərə almaq lazımdır ki, belə qidalarda ziyanlı olan qidanın qızarmasından çox qızardığı yağın yanmasıdır. Bunu isə müəyyən etmək elə də çətin deyil. Qızarma zamanı tavaya qoyulan ilkin yeməklər az qızarmış olur. İkinci, üçüncü qızartmalarda artıq yemək həm tez qızarır, həm də daha tünd rəng alır. Bunu ayaqüstü qidalandığınız məkanlarda da müşahidə etmək olar. Günün birinci yarısı verilən kartof qızartmaları günün ikinci yarısı verilən qızartmalara nisbətən daha açıq rəngli olur. Bu onu göstərir ki, birinci qızartmada yağ kifayət qədər qızıb, ikinci və digər qızartmalarında artıq yağ normadan artıq qıza bilmir və istiliyi birbaşa qidaya ötürür. Hər nə qədər yaxşı qızarsa da bu artıq həmin yağın istifadəyə yararsız olduğunu göstərir". Həkim deyir ki, qidaların ziyanı mədə-bağırsaq sistemi ilə kifayətlənmir. Belə qızarmış yağlar bədəni eyni zamanda yükləyir. Xüsusən ət məhsullarını xüsusi qızarmaq üçün satılan ədviyyatlarla birlikdə qızartdıqda mədə qidanı həzm etməkdə olduqca çətinlik çəkir. Belə qidaların normadan artıq yağlı olmasını da nəzərə alsaq mədənin vəziyyəti bir o qədər də ağırlaşır. Daimi belə qidalar qəbul etmək iltihablı bağırsaq xəstəliklərindən əziyyət çəkənlər üçün daha pis nəticələr doğurur. "Qızarmış yeməklərin enerji dəyəri yüksək olmaqla yanaşı, çox rahat çəki artımına şərait yaradır. Daimi belə qidalanmaq sulu yeməklərdən imtina etmək deməkdir ki, bu da mədənin birinci düşmənidir. Daimi qızarmış və quru qidalar bir müddət sonra xroniki qastritə çevrilir ki, onun da müalicəsi uzunmüddətli və çətindir. Mədə və bağırsağın sağlamlığı üçün həftədə 3 dəfədən artıq olmayaraq quru qidalardan istifadə etmək, daha çox quru yemək yeyiləcəksə, mütləq yeməkdən öncə sulu yemək qəbul etmək, yağa doymuş, həddindən artıq qızarmış, yanmış yeməklərdən imtina etmək lazımdır", - qastroenteroloq belə tövsiyə edir.
Mənbə: Ekspress.Az