Qadin.NET / Kim daha ağıllıdır: qadın, yoxsa kişi?

Kim daha ağıllıdır: qadın, yoxsa kişi?

 

Qadınlarla kişilərin düşüncə tərzi, təfəkkürü, anlayışları və davranışları arasında fərqlər olması barədə iddiaların əsrlərlə, minilliklərlə yaşı var. Daha doğrusu, bəşər xəlq olandan bəri belə iddialar və mübahisələr var. Kişilər qadınlardan, qadınlar da kişilərdən ağıllı olduqlarını deyirlər. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, amerikalı alimlər bu iddialara cavab tapmağa çalışıblar və illərlə davam edən, genişmiqyaslı araşdırmanın nəticələrini açıqlayıblar. Birləşmiş Ştatların Milli Elmlər Akademiyasının (National Academy of Sciences) çərçivəsində aparılmış tədqiqat zamanı fokus-qrupa cəlb edilmiş kişilər və qadınların beyinlərinin maqnit-rezonans tomoqrafiyasından (MRT) da istifadə olunub. Araşdırmanın nəticələrinə görə, ciddi və təcili, təxirəsalınmaz həllini tələb edən məsələlərin çözülməsində kişilərin beyni orta statistik olaraq daha yaxşı çalışır. Lakin eyni vaxtda bir neçə problem yaranarsa, qadın beyni situasiyanın öhdəsindən daha tez və keyfiyyətlə gəlir. Bundan başqa, gərgin və hadisələrin intensiv inkişaf etdiyi şəraitdə qadın beyni problemlərin həllinə daha sürətlə başlayır, daha effektiv nəticələrin əldə olunmasını şərtləndirir. Eyni zamanda, yaşlı insanlarla müqayisədə gənclərin beyinləri daha effektiv və sürətlə işləyir.

949 kişi və qadının beyinlərinin MRT skanlaşdırılması, habelə MRT diffuziyasının vizuallaşdırılması texnologiyasından istifadə nəticəsində əldə olunmuş nəticələr beynin sağ və sol yarımkürələri arasında qarşılıqlı fəaliyyətin mexanizmlərinin tədqiqatında da irəliyə doğru atılmış addım sayıla bilər. Nəticələrə görə, qadınlarda beynin sağ və sol yarımkürələri arasında əlaqə daha sıx, daha intensivdir. Kişilərdə isə beynin sağ və sol yarımkürələri arasında əlaqələr bir qədər zəif, sadəcə, ayrı-ayrı hissələrdə, xüsusilə də motorikaya nəzarət edən beyincikdə bir qədər intensivdir.
Kişilərdə beynin irəli və arxa hissələri arasında qarşılıqlı əlaqələr qadınlarla müqayisədə daha sürətlidir. Bu isə kişilərə informasiyanı daha tez əxz etməyə, həmin məlumatdan dərhal yararlanaraq çətin problemin həllinə başlamağa imkan verir. Yəni üzməyi və ya maşını park etməyi öyrənmək kimi "problem"lərin həllində kişilər öndədir. Qadınlar isə simaları daha yaxşı yadda saxlayırlar. Pensilvaniya Universitetinin professoru, doktor Rahini Verma deyib: "Araşdırmamızı zarafatla "Kişilərin Mars, qadınların isə Veneradan gəlmələri" barədə mifin təsdiqi saya bilərik. Çünki psixoloqlar arasında populyar olan bu iddianı təsdiqlədik. Qadınlarla kişilər sanki ayrı-ayrı planetdən gəlmələrdir. Araşdırmamızın nəticələri onu da sübut etdi ki, məntiqi və intiutiv düşüncə tələb edən məsələlərin öhdəsindən qadınlar daha yaxşı gəlirlər: səbəb qadınların beyinlərinin sağ və sol yarımkürələri arasında əlaqələrin daha sıx, intensiv olmasıdır. Ani həll, qərar və ya hərəkət tələb olunan məsələlərin öhdəsindən isə kişilər daha yaxşı gəlirlər. Motorikaya nəzarət edən beyinciyin kişilərdə daha fəal olduğunu nəzərə alsaq, üzməyi, velosiped və ya maşın sürməyi öyrənmək, xəritələri yadda saxlamaq kimi işlərdə kişilər üstündür".
Mənbə: Milli.Az
3 dekabr 2013
GO BACK