Qadin.NET / Paytaxt sakinləri hələ də donurlar: kimdir günahkar?

Paytaxt sakinləri hələ də donurlar: kimdir günahkar?

 

Day.Az saytının redaksiyasına istilik sistemlərində olan problemlərlə bağlı məktublar gəlməkdə davam edir. Milli.Az-ın məlumatına görə, Həcər Əfəndiyeva adlı oxucu yazır: "Biz artıq bilmirik ki, kimə müraciət edək. Məlum olduğu kimi, hər il noyabrın 15-də istilik sistemləri işə düşür. İki həftə öncə cəmi 5-6 gün istilik oldu. Söhbət Xətai rayonu, Telnov küçəsi bina 3 ünvanından gedir. "Azəristiliktəchizat" ASC-yə zəng etmək və yazmağın faydası yoxdur. İdarənin qaynar xətti həmişə məşğuldur. Bu özbaşınalığa görə kim cavabdehdir?"Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı "Azəristiliktəchizat" ASC-nin Xətai rayonu üzrə 6 saylı bölməsi ilə əlaqə saxlayıb. Bölmə rəisi Firudin Mirzəzadə deyib ki, həmin binada istilik olmaması barədə məlumat həqiqətə uyğun deyil. Hazırda binaya istilik verilir və heç bir problem yoxdur. "Bəzi sakinlərin mənzil daxili istilik sistemlərində problem var idi və biz artıq həmin problemi aradan qaldırmışıq. Baxmayaraq ki, o, bizim işimiz deyil. Sakinlər özləri həmin boruları qaydaya salmalı idilər. Əgər həmin oxucunun mənzilində, doğrudan da, istiliklə bağlı problem varsa, onda "Azəristiliktəchizat"ın 6 saylı bölməsinə müraciət etsin", - o əlavə edib. 

Mənbə: Milli.Az

3 dekabr 2013
GO BACK