İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu 2012-2013-cü il mövsümündə ölkə çempionatının ən qiymətli oyunçusu sayılıb. Lent.Az-ın məlumatına görə, bu barədə İspaniya Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər yayıb. Portuqaliyalı hücumçu ötən mövsüm 34 qol vurub, 10 məhsuldar ötürmə verib və çempionatın gümüş mükafatını qazanıb. Ən yaxşı oyunçu və hücumçu adına “Barselona”lı Lionel Messi layiq görülüb. O, 46 qol vurub və 12 məhsuldar ötürmə edib. “Atletiko”dan Dieqo Simeone ən yaxşı baş məşqçi, Tibo Kurtua ən yaxşı qapıçı hesab olunub. “Real Madrid”dən Serxio Ramos ən yaxşı müdafiəçi, ötən mövsüm “Real Sosyedad”da çıxış etmiş, hazırda isə “kral klubu”nun şərəfini qoruyan Asyer İlyaramendi ən yaxşı dayaq yarımmüdafiəçisi seçilib. “Barselona”lı Andres İnyestaya isə ən yaxşı hücumameylli yarımmüdafiəçi üçün müəyyənləşdirilmiş mükafat verilib.
Mənbə: Lent.Az