Bakıda yeni açılan avtodayanacaqlarda vətəndaşların aldadıldığı iddia olunur. Daimi oxucularımızdan olan Elxan Məhərrəmov da bu iddia ilə çıxış edərək redaksiyamızın ünvanına məktub yollayıb və xahiş edib ki, məsələni ictimailəşməsində ona yardımçı olaq, başqaları da eyni haqsızlıqla üzləşməsin. E.Məhərrəmov yazır: “Azərbaycan prospekti 2 ünvanında yerləşən avtodayanacaqda insanları aldadırlar, mühafizəçilər insanlarla tərbiyəsiz şəkildə davranırlar. Əvvəlcədən qeyd edim ki, söhbət əlavə ödədiyim iki manatdan getmir. Məqsədim onu göstərməkdir ki, həmin mühafizə xidmətinin işçisi etdiyi bu nalayiq hərəkətə və qanunsuzluğa görə rəhbərlik tərəfindən cəzalandırılmayacağına qəti şəkildə əmindir. Bu ”fırıldaqçı yuvasın"da işləyən mühafizə xidmətinin işçiləri çox harın və həddindən artıq mədəniyyətsizdirlər. Bu hərəkətləri ilə onlar bizim xalqı xarici qonaqların qarşısında da əməlli-başlı biabır edirlər".E.Məhərrəmov yazır ki, 01.12.2013-cü il tarixdə saat 14:38-də avtomobilini Fəvvarələr meydanında avtodayanacaqda saxlayıb: “Saat 17:26-da dayanacaqdan çıxaraq qaraj pulunu (3 saat olmadığına görə iki manat) avtomat vasitəsilə kassaya ödəmək üçün maşını saxlayan zaman növbə olduğunu görərək, tələsik pulumu ödəyib tez çıxıb, arxadan gələnlərə mane olmamaq istədim. Qaraj kartını kassaya yönəltdim və nəzarətçinin gözü qabağında beş manat pulu avtomata ödədim. Hətta həmin vaxt o nəzarətçi pulun qalığının çıxdığının da şahidi oldu. Yəni avtomat-aparat üç manat pulu da geri qaytardı. Avtomobilə oturub çıxışda kartı şlaqbaumun aparatına yönəltdim ki, şlaqbaum açılsın, lakin alınmadı. Bu zaman mühafizə xidmətinin işçisinə müraciət etdim. Mühafizəçi kartımı kompüterində yoxlamaq üçün apardı və geri qayıdaraq mənə dedi ki, siz başqa şəxsin pulunu ödəmisiz. Dedim ki, mən başqasının pulunu necə ödəyə bilərəm? O, mənim pul ödəyərkən çıxan çeklə avtomobili saxlayanda aldığım qaraj kartının nömrələrinin uyğun gəlmədiyini iddia edərək əlavə iki manat pul ödəyəcəyimi bildirdi. ”Mən avtomata pul ödəyəndə nə bilim ki, avtomatdan çıxan çekin nömrəsi başqa şəxsin kartının nömrəsi olacaq" sualıma o, çox mədəniyyətsiz cavab verdi. Yalnız əlavə iki manat ödədikdən sonra avtomobilimi buraxdılar. Bunlar bilə-bilə ki, avtodayanacaq istifadəçisi pulunu ödəyir (çekin üstündə ödənilən saat göstərilir), utanmadan həyasızcasına insanları hesaba qoymadan belə hərəkətlər edirlər".
“Garage”dəki kassalarda problem var...
Ötən gün məsələni yerində araşdırmaq və oxucumuzun üzləşdiyi haqsızlıq barədə ətraflı məlumat toplamaq, eyni zamanda qarşı tərəfin fikirlərini öyrənmək məqsədilə Azərbaycan prospekti 2 ünvanında yerləşən “Garage” avtoparkına getdik. Müdiriyyətlə görüşmək istəyimizi mühafizəçilərə söyləsək də, cavab belə oldu: “Müdiriyyət işdə yoxdur”.
Kartımızı alıb avtomobili dayanacaqda saxlamaq qərarına gəldik. Məqsədimiz oxucumuzun qarşılaşdığı problemin yenə davam edib-etmədiyini öyrənmək idi. Avtomat qurğuya yaxınlaşıb düyməyə basaraq kartımızı aldıq. Şlaqbaum açıldıqdan sonra dayanacaqda maşına yer axtardıq. Alt mərtəbələrdə yer olmadığından xidmətçilər bizə ən son-altıncı mərtəbəyə qalxmağımızı bildirdilər. Maşına yer tapıb saxladıqdan sonra pulsuz ilk 15 dəqiqənin keçməsini gözlədik. Sonra pulu ödəmək məqsədilə terminallara yaxınlaşdıq. Girişə və çıxışa qoyulmuş dörd terminaldan cəmi biri işləyirdi. Səbəbini soruşduq, mühafizəçilər bildirdilər ki, texniki problemlə bağlıdır. Bizimlə birgə terminalın qarşısında növbə gözləyən sürücülərdən biri dedi ki, ötən gün o da kassanın düzgün işləməməsi səbəbindən əlavə 4 manat ödəyib. Eyni ilə bizim oxucumuz E.Məhərrəmov kimi. 1 manat ödəyib kartımızı alıb, dayanacağı tərk edirik.
Bakıdakı avtopark qiymətləri
Son günlər Bakıdakı bəzi yeraltı dayanacaqlarda qiymətlər süni olaraq qaldırılıb. Bəzi avtoparkdakı qiymətləri nəzərinizə çatdırırıq. “Park Bulvar”ın yeraltı dayanacağında qiymətlər aşağıdakı kimidir:
1 saat - 1 AZN
1-3 saat - 2 AZN
3-8 saat - 3 AZN
8-12 saat - 6 AZN
12-15 saat - 10 AZN
Yeni açılan “Metropark” ticarət mərkəzinin dayanacağı tamamilə pulsuzdur. “Amay” ticarət mərkəzinin yeraltı dayanacağında 1 manat verməklə bir sutka avtomobili orada saxlamaq olar. “Nərgiz” ticarət mərkəzinin yeraltı dayanacağında 1 saat avtomobil saxlamağın qiyməti 1 manatdır. “Nizami” metro stansiyası tərəfdə yeni tikilən çoxmərtəbəli dayanacağın qiymətləri:
6 saat - 1 AZN
12 saat - 2 AZN
24 saat - 4 AZN
Həmin dayanacaqda aylıq abunə haqqı 100 manatdır. “Park Center” ticarət mərkəzində avtomobil dayanacağının qiymətləri:
1 saat - 1 AZN
1-3 saat - 2 AZN
3-6 saat - 4 AZN
6-12 saat - 6 AZN
12-24 saat - 8 AZN
Bu dayanacaqda aylıq abunə haqqı 200 manatdır.
Mənbə: Milli.Az