Qadin.NET / Azərbaycan Korrupsiya Qavrama İndeksinə daxil edildiyi gündən ən yüksək nəticəsi qeydə alındı

Azərbaycan Korrupsiya Qavrama İndeksinə daxil edildiyi gündən ən yüksək nəticəsi qeydə alındı

 

"Transparency International" təşkilatı 2013-cü il Korrupsiya Qavrama İndeksini (KQİ) təqdim edib. Bu il indeksdəAzərbaycan 28 balla, 177 ölkə arasında 127-ci sırada yer alıb.Ötən il Azərbaycan 27 balla, 176 ölkə arasında 139-cu sırada göstərilmişdi.Təşkilatdan Trend-ə verilən məlumata görə, son iki ildə İndeks yeni qaydada hazırlanır. Əgər əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdisə, ötən ildən 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir.2013-cü il KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.Azərbaycan İndeksə daxil edildiyi dövrdən (2000-ci ildən) bu yana ilk dəfədir ki, bu qədər yüksək nəticə qeydə alınır. Bunun əsas səbəbi isə iqtisadi göstəricilərlə bağlıdır. Belə ki, Dünya İqtisadi Forumunun 2012-2013-cü illər üçün olan Rəqabətlilik İndeksində Azərbaycan xeyli irəliləyib. Əgər 2011-2012-ci illər üzrə hesabatda Azərbaycan 142 ölkə arasında 55-ci sırada yer almışdısa, bu il mövqelərini yaxşılaşdıraraq, 144 ölkə arasında 46-cı sıraya yüksəlmişdir.Keçən illə müqayisədə Azərbaycanın ən yaxşı artım göstəricisi ticarət bazarı, innovasiya potensialı, texnoloji səviyyə, makroiqtisadi sabitlik göstəricisiləri üzrə qeydə alınıb. Bütün bu məqamlar dolayısı ilə KQİ-də ölkənin göstəricisinin artmasına gətirib, çıxarıb. İndeks hazırlanarkən istinad olunan mənbələrdən digəri "Freedom House" təşkilatının 2013-cü il üzrə "Nations in Transit" İndeksində isə ölkənin göstəricisi aşağı düşübKQİ "Transparency International" təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi ən başlıca hesabatlardan biridir. Nəzərə almaq lazımdır ki, KQİ dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərə əsasən hazırlanır və bu İndeks heç bir halda ölkədə korrupsiyanın tam səviyyəsini müəyyən etmir.Azərbaycanda cari il ərzində korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra mühim addımlar atılıb, xüsusən antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və mövcud beynəlxalq konvensiyaların müddəalarına uyğunlaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üzrə Milli Fəaliyyət Planının icrası ilə bağlı müsbət istiqamətdə işlər görülüb. "Şəffaflıq Azərbaycan" və onun tərəfdaşları tərəfindən həyata keçirilən layihə çərçivəsində hazırlanan Açıq Hökumətin təşviqinə dair milli fəaliyyət planın icrasının monitorinqinin nəticələrinə görə ötən bir il ərzində 2012-2015-ci illər üzrə qarşıya qoyulan fəaliyyətlərin 25%,Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının isə 34%-i icra olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyət sahələrinin və əhatə dairəsinin genişləndirilməsi də müsbət qiymətləndirilməli məqamlar sırasındadır. Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində həyata keçirdiyi tədbirlər də mütərəqqi addımlardan biridir.Bununla yanaşı korrupsiyanın qarşısının alınması üçün hələ bir sıra işlərin görülməsinin vacibliyi də qeyd edilib: "Amma qəbul edilməlidir ki, ötən dövr ərzində elektron xidmətin göstərilməsi ilə bağlı ictimaiyyətin gözləntiləri özünü tam mənada doğrultmayıb. Biznes sahəsində göstərilən xidmətlərin əhatəlilik və keyfiyyət səviyyəsi yüksək olsa da, vətəndaşlara göstərilən elektron xidətin keyfiyyətində ciddi nöqsanlar müşahidə edilir. Belə ki, vətəndaşların gündəlik həyatlarında sıx-sıx istifadə etdiyi bir sıra xidmətlərin göstərilməsi keyfiyyətli təşkil edilməyib, məsələn Dövlət Sosial Müdafiə Fondunun sığorta olunan şəxslərin onlayn qeydiyyata alınması, avtomobillərin dövlət qeydiyyat nişanının sifariş verilməsi, malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu və s. Daha yaxşı olar ki, elektron xidmətlərin təşkili ilə bağlı benefisiarlara münasibətdə vahid yanaşma ortaya qoyulsun.Korrupsiyaya qarşı mübarizə davamlı olmalı və kampaniya şəklində aparılmamalıdır. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin son vaxtlar korrupsioner məmurlarla bağlı apardığı siyasət, korrupsionerlərin cinayət məsuliyyətinə cəlb olunmaları təqdirəlayiqdir, amma mediada korrupsiya faktları ilə bağlı yayılan məlumatlara biganə münasibət bəslənir. Lakin korrupsiyaya qarşı mübarizə yalnız onun nəticələrinə qarşı aparılmamalı, korrupsiyanı yaradan şəraiti aradan qaldırmalıdır.Korrupsiya hələ də cəmiyyət üçün ciddi problemlərdən biri hesab edilir. Hökumət korrupsiyaya qarşı mübarizə məqsədi ilə qəbul edilmiş qanunların icrasını yaxşılaşdırmaq istiqamətində əməli addımlar atmalı, qanunların işlək vəziyyətdə olması təmin etməlidir. Korrupsiya faktı ilə bağlı şikayətlə müraciət etmək istəyən şəxslərin təhlükəsizliyini təmin etmək üçün addımlar atılmalıdır. Bütün bunlarla yanaşı, büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın və hesabatlılığın təmin edilməsi vacibdir.Təəsüflər olsun ki, uzun müddətdir bir sıra qanunlar və normativ hüquqi aktlar qəbul edilmir. Bunlara misal kimi, maraqların toqquşması ilə bağlı qanun, korrupsiya şahidlərinin (whistleblower) qorunması ilə bağlı qanun, dövlət qulluğundan kənar digər hüquqi vəzifəyə görə cəzanın tətbiq olunması ilə bağlı qanun, dövlət məmurlarının maliyyə xarakterli məlumatların verilməsi ilə bağlı qanunvericilik aktını göstərmək olar. Müvafiq məcəllələrə bu qaydaların pozulması ilə bağlı cəza mexanizmlərini özündə əks etdirən yeni dəyişikliklər salınmalıdır. Vətəndaş cəmiyyəti tərəfindən yeni qəbul edilmiş qaydaların icrasının monitorinqinin aparılması dəstəklənməlidir.Azərbaycan hökuməti tərəfindən korrupsiyaya qarşı mübarizədə ortaya qoyulan siyasi iradə, gələcəklə bağlı optimist düşünməyə imkan verir. Bu olduqca zəruri şərtdir. Korrupsiyaya qarşı mübarizənin digər mühüm elemetlərindən biri bütün tərəflərin bu mübarizəni qarşılıqlı şəkildə birgə aparmasıdır. İnanırıq ki, hökümət, vətəndaş cəmiyyəti, işgüzar icma və vətəndaşlar tərəfindən ortaya qoyulan birgə səylər bu mübarizədə gələcəkdə uğurlu nəticələr əldə etməyə kömək edəcək".

Mənbə: Milli.Az

3 dekabr 2013
GO BACK