Qadin.NET / Sosial şəbəkələr sizə nə üçün lazımdır?

Sosial şəbəkələr sizə nə üçün lazımdır?

 

Sosial şəbəkələrin populyarlığı son illər getdikcə artır. Hər gün istifadəçi sayının çoxalması nəticəsində bu rəqəmin 2013-cü ilin sonunda 2 milyarda yaxınlaşacağı gözlənilir.Şimali amerikalıların “virtual xəstəliyi”2012-ci ildə dünyada 1,47 milyard olan sosial şəbəkə istifadəçisinin sayının 2013-cü ilin sonunda 18 faiz artaraq 1,73 milyarda çatacağı gözlənilir. 2014-cü ildə 1,97 milyard, 2015-ci ildə 2,37milyard, 2017-ci ildə isə 2,55 milyard insanın sosial şəbəkələrdən istifadə edəcəyi proqnozlaşdırılır. Araşdırmalara görə, Şimali Amerikada 2011-ci ildə 47,3 faiz ikən, 2013-cü ildə hər iki nəfərdən biri sosial şəbəkə istifadəçisi olub. 2013-cü ildə əhalinin 51,6 faizi, 2017-ci ildə isə 56,3 faizinin sosial şəbəkələrə üzv olması gözlənilir. Sosial şəbəkələrin ana vətəni sayılan Şimali Amerikadan fərqli olaraq Qərbi Amerikada sosial şəbəkə istifadəçiləri 2013-də 41,9 faiz ikən, 2017-də bu rəqəm 49,4 faiz olacaq. 2013-cü ildə Çin 366,2 milyon, ABŞ 163,5, Hindistan 127,5 milyon sosial şəbəkə istifadəçisi ilə ilk 3 sıradadır. Sosial şəbəkələrdən biri olan “Facebook”a hər gün 300 milyon fotoqraf yüklənir. “Facebook” istifadəçilərinin 60 faizini qadınlar, 40 faizini kişilər təşkil edir. Bu rəqəm digər sosial şəbəkə olan “Twitter”də də eynidir. “Google”də isə bu rəqəm 29 faizlə 69 faiz arasında dəyişiklik göstərir. Eyni zamanda sosial oyunlara maraq göstərən insanların 79 faizini universitet və daha yüksək səviyyəli məzunlar təşkil edirlər.Beləliklə, bu gün internetin geniş yayılması və mobil cihazlardan istifadənin artması ilə yanaşı, sosial şəbəkələrin istifadəsində böyük artım meydana gəlib və internet istifadəçilərinin 67 faizi sosial şəbəkələrin istifadəçisidir. Araşdırmalara görə, sosial şəbəkələrin liderlərindən olan “Facebook” istifadəçilərini universitet məzunları, məlum bir gəlirə sahib və daha çox böyük şəhərlərdə yaşayan 25 yaşındakı qadınlar təşkil edir. 1 milyardı aşan istifadəçi sayı ilə dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”un nümayəndələri bildiriblər ki, son vaxtlar gənclər burada daha az vaxt keçirir və maraqları getdikcə azalır. “Facebook” üçün hazırlanan son hesabatda üzvlərin niyə bu şəbəkədən istifadə etdiyi araşdırılıb. Üzvlərin 64 faizi aktiv olaraq gün ərzində ondan istifadə edir. Onlardan 30 faiz yeni xəbərləri təqib etmək, 78 faiz dostluqda olanların göndərdiklərini oxumaq, fikir bildirmək, bəyənmək üçün istifadə edir. 22 faiz isə öz təşkilatının reklamını edir.Digər məşhur sosial şəbəkə olan “Twitter”ə gəldikdə isə məlum olub ki, onun istifadəçilərinin yarısı əsasən 5 ölkəyə aiddir ki, buraya ABŞ, Yaponiya, İndoneziya, İngiltərə və Braziliya daxildir. Siyahıda 8-ci sırada Türkiyə yer alır.“Sosial şəbəkələrlə bağlı birmənalı münasibət dəyişməlidir”Ölkəmizdə də sosial şəbəkə istifadəçilərinin sayı getdikcə artmaqdadır. İstifadəçilərin bu şəbəkəyə baxışı isə müxtəlifdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin doktorantı Gülnar Nəzərova Milli.Az-a bildirdi ki, əksəriyyət kimi o da sosial şəbəkələrdən istifadə edir: “Bir çox hallarda vaxt olmur saytlarda xəbərlərə baxmağa, sosial şəbəkələr bu baxımdan olduqca əlverişlidir. Bundan əlavə, heç cür bir araya gəlmək imkanı olmayan insanlarla asan və tez bir şəkildə əlaqə saxlamaq baxımından olduqca əlverişlidir. Bəzən real həyatda insanlarla ünsiyyət qura bilməyən insanların sosiallaşması baxımından da yararlıdır. Daha bir məsələ də var ki, hansısa problemlə bağlı köməyə ehtiyacı olan insanlara yardım göstərilməsində də sosial şəbəkələrin rolu əvəzsizdir”.

Müsahibimin sözlərinə görə, lakin hər kəs sosial şəbəkələrdən faydalı şəkildə istifadə etmir: “Bəzən insanlar, xüsusilə də gənclər saatlarla sosial şəbəkələrdə vaxt itirirlər. Bu cür gəzişmələr həmin şəxsləri bəzən müxtəlif pis niyyətli şəxs və ya qrupların toruna salır ki, bu da heç də həmişə xoş sonluqla nəticələnmir. Düzdür, müəyyən mənada sosial şəbəkələr sosiallaşma vasitəsi olsa da, virtual olaraq insanlarla əlaqə qurmağa üstünlük verən şəxslər real həyatda bu sosiallığı nümayiş etdirə və özlərini təsdiq edə bilmirlər. Müəyyən mənada doğrudur. Qeyd etdiyim kimi mən də 30-40% bu məqsədlə istifadə edirəm”. O da vurğulandı ki, sosial şəbəkələrin işini bununla məhdudlaşdırmaq olmaz. Belə ki, sosial şəbəkə həm insanları birləşdirmək, həm də müxtəlif tipli sosial problemləri həll etmək baxımından çox effektivdir.
G.Nəzərova deyir ki, sosial şəbəkələrin olmadığı dövrlərdə hansısa ağır problemlə qarşılaşan, lakin maddi çətinlik ucbatından onu həll edə bilmirdilərsə, hazırda sosial şəbəkələr vasitəsilə xeyirxah insanların köməkliyi ilə çox vaxt bunun öhdəsindən gəlirlər: “Bundan əlavə, Azərbaycanda sosial şəbəkələr vasitəsilə müəyyən hüquqi, fiziki şəxslə bağlı reklamın aparılması, online satışın həyata keçirilməsi ən çox yayılanlar içərisindədir. Qeyd edim ki, bu üsul televiziyadan daha effektivdir. Lakin sosial şəbəkələr həm də saxtakarlar üçün münbit şərait yaradır. İnsanların emosiyalarından peşəkarlıqla istifadə edən bu fırıldaqçılar yardım adı ilə insanların pullarını mənimsəyə bilirlər. Bu baxımdan insanlar yardım edərkən çox diqqətli olmalıdırlar. Çünki belə hallarda bəzən ehtiyacı olan yerinə, yardım fırıldaqçının məqsədini reallaşdırmaq vasitəsinə çevrilə bilər. Hesab edirəm ki, qeyd etdiklərim ölkədə sosial şəbəkələr vasitəsilə ən çox reallaşan məqamlardır”.
Müsahibim hesab edir ki, sosial şəbəkələrlə bağlı birmənalı münasibət dəyişməlidir: “İnsanlar, xüsusən uşaqlar və gənclər sosial şəbəkələrdən faydalı məqsədlər üçün istifadə etməlidirlər. Bu mənada elm və təhsilə aid müəyyən qurupların yaradılması, gənclərin həmin qruplarda müzakirələr aparması çox faydalı ola bilər. Bu cür məsələlərdə valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Texnologiyanın pis təsirləri barədə ilk öncə valideynlər maariflənməli və övladlarını tərbiyə edərkən bunu nəzərə almalıdırlar. Lakin bu məsələni qadağa formasında həyata keçirmək heç də effektiv olmayacaq. Çünki insanlar həm qadağalara daha çox meyl edirlər, digər mənada isə mobil telefon, qonşular, internet kafelər uşaqların/gənclərin sosial şəbəkələr və digər internet xidmətlərindən istifadəsinə şərait yarada bilər. Valideynlər və mütəxəssislər sosial şəbəkələrdəki neqativ hallar, onların psixoloji təsiri barədə uşaqları/gəncləri maarifləndirə bilər. Eyni zamanda makro səviyyədə də işlər aparılmalıdır. Məsələn, məktəblərdə, universitetlərdə müəyyən saytlara çıxış üçün qadağa qoyulmalı və ya məhdudlaşdırılmalıdır. Son məqamda isə insanın özü bu məsələdə maraqlı olmalıdır”.
Sosial şəbəkələr gənclərə mənfi örnəkdirmi?Digər müsahibim, sosial şəbəkələrin gənc istifadəçilərindən biri olan Doğu Akdeniz Universitetinin tələbəsi Rəşad Bədirlidir. O, sosial şəbəkələrin artıq hər kəsin həyatında çox mühüm yer tutduğunu, əsasən də gənclərin daha çox istifadə etdiyini deyir: “XXI əsr internet əsridir desək, yanılmarıq. Çünki artıq hər kəsin əlində telefon və hər kəsin evində, iş yerində kompyuter var. Hər kəs rahatlıqla internetdən istifadə edir. Mən bir tələbə kimi sosial şəbəkələrdən, demək olar ki, çox istifadə edirəm. Düşünürəm ki, sosial şəbəkə hər kəs üçün vacibdir. İstifadə etdiyim sosial şəbəkələr “Facebook” , “WhatsApp”, “İnstagram”, “BBM” , “Odnoklassniki” və s. Bu sosial şəbəkələrdən müxtəlif məqsədlər üçün istifadə edirəm. Doğu Akdeniz Universtetində 86-dan çox ölkədən tələbə təhsil alır. Bunlar fərqli ölkələrdən olduqları üçün onlarla daima ünsiyyətdə olmaq biraz çətindir. Fərqli sosial şəbəkələrdən istifadə edirlər. Buna görə də onlarla ünsiyyətdə olmaq üçün bu sosial şəbəkələr vacibdir. “Facebook”, “Skayp” ilə əsasən yaxın dostlarımla əlaqə üçün və ya işlə bağlı məsələlər üçün istifadə edirəm. DAU Şimali Kiprin Famagusta şəhərində yerləşdiyinə görə, ailəmlə hər gün ünsiyyətdə olmaq biraz çətindir. Amma “Skayp” xaricdə təhsil alan tələbələrin yaxın dostudur da deyə bilərik”.R.Bədirli ən çox üstünlük verdiyi sosial şəbəkələrdən birinin də “Facebook” olduğunu deyir. Bunun səbəbini onunla izah edir ki, “Facebook” vasitəsi ilə hər gün dünyada baş verən müxtəlif xəbərlərdən agah olur, dostlarının paylaşdıqları uğurların şahidi olur, müəyyən önəmli fikirlər paylaşıldığında və ya müzakirəyə qoyulduğunda öz fikirlərini bildirə bilir: 
“Bəzən deyirlər ki, sosial şəbəkələr gənclərə mənfi örnəkdir. Mən bununla razı deyiləm. Demirəm ki, mənfi cəhətləri yoxdur. Mənfi tərəfini fikirləşdiyimiz qədər müsbət tərəflərini də fikirləşmək lazımdır. Mənfi tərəfi olaraq deyə bilərik ki, çox istifadə etmək gözlərə ziyandır və insanı pisixoloji cəhətdən internetə məhkum edir. Təbii ki, bunu hər kəsə aid etmək olmaz. Hər şey insanın iradəsindən asılıdır. Keçmiş dövrdə insanlar bir-birlərinə söz demək üçün uzaq məsafələr qət edirdilər. Bu əslində yaxşı idi və insanı bayıra çıxaraq gəzməsinə və təmiz hava almasına vadar edirdi. Amma bir tərəfdən də fikirləşsək, o qədər yolu bir söz üçün qət etməkdənsə qısaca hansısa bir sosial şəbəkə vasitəsilə bunu həll etmək mümkündür. Bu daha az vaxtın itirilmiş olduğunun bir göstəricisidir. İndiki dövr sosial şəbəkələr dövrüdür. Məncə, bu vasitələrdən müsbət düşüncələrlə istifadə etmək lazımdır. Həyatımızda sosial şəbəkələrin olması işlərimizin daha tez həllinin yoludur. Demək olar ki, bütün iş sahələrində internetdən istifadə edilir. Sosial şəbəkələr vasitəsi ilə iş adamı olaraq hər kəs bir-birinə hazırladıqları müqavilələri, məqalələri və faylları qısa bir zamanda ötürə bilir. Daha çox uğurlar əldə etmək üçün zaman çox önəmli oduğu kimi, işlərimizdə daha çox zaman əldə etmək üçün sosial şəbəkələrdən istifadə etmək də o qədər önəmlidir”.

Mənbə: Milli.Az

3 dekabr 2013
GO BACK