Cizgi filmləri uşaqların formalaşmasına necə təsir edir? Bəlkə indi də aranızda elələri var ki, hələ də cizgi filmlərinə baxır, onu uşaqlar qədər sevir, qəhrəmanları onlardan yaxşı tanıyır. Yəqin buna görə də artıq böyüklər üçün xüsusi animasiya filmləri. Bu gün animasiya filmlərindən, daha doğrusu, Azərbaycanda bu sahədə vəziyyətin necə olmasından söhbət açacağıq. Azərbaycanda ilk dəfə 1933-ci ildə "Pişik" adlı qısametrajlı filmdə animasiyadan istifadə olunub. İki il sonra "Abbasın bəlası" adlı ilk qısametrajlı animasiya filmi çəkilib. Amma bu filmin yaradıcı heyətində azərbaycanlılar olmayıb. Animasiya filmlərinin titrlərində azərbaycanlı animatorların adına ilk dəfə 1965-ci ildə "Danışan alovlar" adlı qısametrajlı filmində rast gəlmək olar. Bundan sonra "Qırmızı, qara və başqaları", "Cırtdan", "Fitnə" və sair animasiya filmləri çəkilib. İndi demək olar ki, bu nağılları çəkib bizə göstərənlərin özləri nağıla dönmək üzrədir. Az olduqları üçün yerli animasiyaların istehsalının həcmi də keyfiyyəti də aşağı düşüb. Sovet hakimiyyəti illərindən bizə 120 qısametrajlı animasiya filmi yadigar qalıb. APA TV-nin məlumatına görə, 80-ci illərin sonundan bu günə qədər cəmi 20 cizgi filmi çəkilib. Burada problem təkcə işin maliyyə tərəfi deyil. Əsas səbəb maraqlı ssenarinin və rejissorun olmamasıdır. Yəni Mədəniyyət və Turizm Nazirliyi istənilən vəsaiti ayırsa belə, müasir standartlara cavab verən animasiya filmini çəkə biləcək peşəkarlar barmaqla sayılacaq qədər azdır. Bu barədə Elçin Hami Axundov da APA TV-yə müsahibəsində bildirib: “Animasiya bir sənətdir, bu elə-belə dərnək deyil. Bu sənətdə hərəkətin qaydalarını, mexanikasını, biomexanikasını öyrənmək lazımdır. Cizgi filmləri ilə məşğul olanlar aktyorluq, pantomim sənətinin incəliklərini öyrənməlidirlər”. Elçin Hami Axundov çox təəssüflə bildirir ki, əvvəllər Azərbaycanda da təşkil olunan həmin kursların yetişdirdiyi kadrların əksəriyyəti 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycanı tərk ediblər: "İndi əslən azərbaycanlı olan həmin animatorlar “Disneyland” studiyalarında, Fransada, İsraildə, Rusiyada, Türkiyədə, Almaniyada çalışırlar. Məndə olan məlumata görə, onlar Polşada, İstanbulda, Ankarada, Kiprdə də fəaliyyət göstərirlər. Məsələn, deyilənlərə görə, Cahangir Süleymanov indi Sankt-Peterburqda işləyir. Belə peşəkar animatorlardan biri - Aleksandra Şirinova hal-hazırda mənim yanımda çalışır”. Sosial şəbəkələrdə axtarıb Cahangir Süleymanovu tapdıq. Sankt-Peterburqda yaşayan animasiya rejissoru şəxsi studiyasında fəaliyyət göstərir. O, Rusiya istehsalı olan məşhur "Smeşariki" animasiya seriyalının rejissorlarından biridir. Qeyd edək ki, “Smeşariki” animasiya filmi 208 seriyadan ibarətdir və davamlı çəkilir. 3-9 yaşlı uşaqlar üçün nəzərdə tutulan bu cizgi filmi uşaqlarda davranış, yemək mədəniyyəti, özünümüdafiə instinktlərini formalaşdırmaq məqsədi daşıyan maraqlı hekayətlər üzərində çəkilib. Bəs Cahangir Süleymanov niyə Azərbaycandan gedib? Animator Cahangir Süleymanov özü bunu belə izah edib: “Çox çətin idi. Biz kursu bitirməyimizə baxmayaraq, işləməyə layihə yox idi. İnsan əziyyət çəkib bir şeyi öyrənəndə itirmək qorxusu çox olur. Buna görə də mən Rusiyaya gəlməli oldum. İndi hər şey yaxşıdır”. Cahangir Süleymanov hazırda üzərində çalışdığı animasiya filminə nə qədər vəsait ayrıldığını konkret olaraq deməsə də, həmin məbləğin böyük olduğunu gizlətməyib: “Bu, kifayət qədər böyük məbləğdir. Yəni qəpiklərlə hesablanacaq qədər kiçik deyil”. Onu da qeyd edək ki, Azərbaycanda bir animasiya filmi üçün orta hesabla 70.000 manatlıq büdcə ayrılır. Amma ABŞ və Avropada bu sahə ayrıca gəlir mənbəyi kimi dəyərləndirilir. Məsələn, "Şrek" filminin bir seriyasının büdcəsi 60000000 ABŞ dolları həcmindədir. Obrazları səsləndirən aktyorların qonorarlarına gəlincə, Hollivudun kino ulduzları səsləndirdikləri animasiya filmində tələffüz olunan hər sözə görə 2500 ABŞ dolları məbləğində qonorar alır. "Şrek" animasiya filmində obrazı səsləndirən Hollivud ulduzu Antonio Banderas deyir: "Bu, çox zövqlü işdir, həm də uşaqların tərbiyəsində, formalaşmasında rolumuzun olması sevindirici haldır. Orda bir epizod var, Şreklə eşşək ay işığında uzanıb həyat, qayğılar və problemlərdən danışırlar. Baxmayaraq ki, film animasiyadır, qəhrəmanlar insan yox, sevimli heyvanlardır, bu səhnə çox yadımda qaldı. Onların həyat haqqında fikirləri təsirli, yaddaqalan idi. Bu, ciddi məsələdir. Animasiya filmlərindəki təbliğatın böyük təsiri var”. Vaxtilə Azərbaycanda da məşhur sənətçilər animasiya filmlərinin səsləndirilməsində iştirak ediblər. "Tıq-tıq xanım" cizgi filmindəki mahnını 1974-cü ildə Azərbaycanın xalq artisti Flora Kərimova səsləndirib. Təəssüflə demək lazımdır ki, müasir animasiya filmlərində "uşaqlara diqqət" adı altında daha çox aqressiya təbliğ olunur. Bəlkə daha maraqlı, uşaq psixologiyasına hesablanmış və təbii ki, bahalı filmləri almağa maraq azdır. Yəqin buna həm də yerli telekanalların büdcəsi imkan vermir. Beləcə, müxtəlif səpkili animasiya filmləri nümayiş olunur. Əslində, onları efirlərdən yığışdırmaq da çıxış yolu deyil. Çünki yerli kanallarda göstərilməsə də, uşaqlar peyk antenalar vasitəsi ilə onlara baxır. Daha bir maraqlı məqam odur ki, Azərbaycanda peyk antenalar vasitəsilə birbaşa yayımlanan "Cartoon Network" adlı uşaq kanalı ABŞ-da və bir çox Avropa ölkələrində yayımlanmır. Həmin dövlətlərdə bu kanala yalnız aylıq ödənişlə baxmaq olar. Hələlik biz balacalarıb bütün növ animasiyalara baxmağına diqqət yetirmirik. Ancaq onlar nə vaxtsa böyüyəcəklər. Və istisna deyil ki, özümüz də hiss etmədən onların təhtəlşüurunda özünə yer edən belə animasiya görüntüləri uşaqların həyat tərzinə, xarakterinin formalaşmasına, insanlarla münasibətlərinə təsirsiz ötüşməyəcək.
Mənbə: Lent.Az