Azərbaycana kiberhücumların 90 faizi xaricdən həyata keçirilir Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bazar ertəsi Bakıda keçirilən "Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər" adlı beynəlxalq konfransında deyib. Onun sözlərinə görə, bu kiberhücumların bir hissəsi ayrı-ayrı ölkələrin hökumətləri tərəfindən dəstəklənir. Nazir həmin ölkələrin adını açıqlamayıb. Ə.Abbasovun bildirib ki, Azərbaycan kibertəhlükəsizliyin təmin olunması üzrə iş aparır: "Həmçinin bu məsələ ilə bağlı qanun layihəsi hazırlanır. Bundan başqa, 90-cı illərin sonlarında qəbul edilmiş "İnformasiya təhlükəsizliyi haqqında" qanun yenilənmə tələb edir". Onun sözlərinə görə, Azərbaycan iki səviyyədə kompüter təhlükəsizliyinin təmin olunması çərçivəsində mübarizə aparır. Birincisi, Ədliyyə Nazirliyinin, prokurorluq orqanlarının və digər strukturların məşğul olduqları hüquqi səviyyə. İkincisi isə texnoloji səviyyədir ki, bu zaman kiberxidmətlər göstərməklə məşğul olan operatorlar, şirkətlər kiberhücumların mənbələrinin aşkar olunması sistemlərindən və təhlükəsizlik sistemlərinin gücləndirilməsindən istifadə etməlidirlər: "Kibertəhlükəsizliklə mübarizə üzrə qanunvericiliyin təkmilləşdirilməsi bu sahədə rolların bölüşdürülməsinə, eləcə də onun səmərəliliyini artırmağa imkan verir".
Mənbə: Milli.Az