Son illər ərzində Azərbaycan öz ərazisində apardığı irimiqyaslı arxeoloji qazıntılara görə MDB ölkələri içərisində ilk yerləri tutur. Bunu sübut edən fakt bu yaxınlarda Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Müasir fənlərarası cəhdləri öyrənmə və arxeoloji irsin qorunması" mövzusunda keçirilən MDB ölkələri gənc arxeoloqlar məktəbinin konfransında məlum olub. Azərbaycanı bu konfransda tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə və tarix üzrə fəlsəfə doktoru Dmitri Kiriçenko təmsil ediblər. A.AğalarzadəTrend-ə bildirib ki, XX əsrin 70-80-ci illərində tunc - erkən dəmir dövrü tayfalarının kurqan və daş qutu qəbirləri və dəfn adətləri ilə bağlı nümunələrin bir qismi tədqiqata cəlb edilib. Lakin bu abidələrin tədqiqinə müasir metodlarla yanaşma çox vacibdir. Bunlar radiokarbon analizlər, paleoantropoloji, paleobotanik, paleozooloji və s. nəticələrdir. 4 günlük təlim və seminarlarda Orta Asiya, Şərqi Avropa, Qafqaz ölkələri və Rusiya Federasiyasının müxtəlif vilayətlərindən olan gənc alimlər iştirak ediblər. Təlimlərin sonuncu günləri Rusiya Elmlər Akademiyasının məşhur alimləri arxeologiya və ona yaxın elmi problemlər haqqında mühazirələr oxuyublar.
Mənbə: Milli.Az