Prezident İlham Əliyev UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII Sessiyasına müraciət ünvanlayıb.Lent.Az-ın məlumatına görə, müraciətdə deyilir. “Sizi Bakı şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin VIII sessiyasının öz işinə başlaması münasibətilə təbrik edir, hər birinizə bundan sonrakı fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm. Sessiyanız Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın onilliyinə təsadüf edir. Konvensiyanın qəbul edilməsi ötən müddət ərzində dünyada mədəni müxtəlifliyin təşviqi və qeyri-maddi mədəni irsin qorunması istiqamətində beynəlxalq strategiyaların həyata keçirilməsində əhəmiyyətli rol oynamışdır. Azərbaycan Respublikası bu Konvensiyaya qoşulduğu vaxtdan etibarən ölkəmizdə müvafiq silsilə tədbirlər təşkil olunub və mühüm layihələr gerçəkləşdirilib”. Prezident qeyd edib ki, UNESCO Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra üzv olduğu ilk beynəlxalq təşkilatlardan biridir. Onun fəaliyyət dairəsinə aid bütün sahələrdə əməkdaşlıq Azərbaycan dövlətinin həmişə diqqət mərkəzində olub. Daim inkişaf edən və möhkəmlənən UNESCO – Azərbaycan əlaqələri xalqımızın qədim, zəngin mədəniyyətinin beynəlxalq miqyasda tanıdılmasına, onun nailiyyətlərinin dünyada nümayiş etdirilməsinə geniş imkanlar yaradıb: “Azərbaycan muğamının, aşıq sənəti və xalçaçılığın, tar ifaçılığı və Novruz Bayramının, xalqımızın maddi mənəvi irsinin qiymətli abidələrinin, həmçinin milli mədəniyyətimizin və elmimizin görkəmli nümayəndələrinin təbliğinin UNESCO tərəfindən diqqət mərkəzində saxlanılması ölkəmizlə bu mötəbər beynəlxalq təşkilat arasında əlaqələrin yüksək səviyyəsinin bariz nümunəsidir. Cari ilin iyul ayında təhsil, elm, mədəniyyət və informasiya sahələrində Əməkdaşlıq haqqında Çərçivə Sazişinin imzalanması ilə Azərbaycan və UNESCO arasında qarşılıqlı faydalı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və qlobal çağırışların həllində birgə səylərimizin daha da gücləndirilməsinə əlverişli zəmin hazırlanıb. Əminəm ki, sessiyanız öz qərarları ilə ümumbəşər mədəni irsinin qorunub saxlanması, dünya mədəniyyətləri arasında dialoq və anlaşmanın dərinləşməsi işinə layiqli töhfəsini verəcək”.
Mənbə: Lent.Az