AzərTAc xəbər verir ki, dekabrın 2-də Bakı Sərgi Mərkəzində “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlətimizin başçısına məlumat verdi ki, sərgidə yerli iştirakçılarla yanaşı, dünyanın 28 ölkəsindən 300 şirkət iştirak edir. Builki sərgidə 15 ölkə milli pavilyonu ilə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ olan maraqlı proqramların, habelə məhsul və xidmətlərin təqdimatını keçirir. Əfqanıstan, İtaliya və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edirlər. Həmçinin aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və distribüterlər də sərgidə təmsil olunurlar. Diqqətə çatdırıldı ki, builki sərginin fərqli cəhəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilən milli stendlərin say etibarilə daha çox olmasıdır.
Sərgidə MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda “Titan” robotu nümayiş etdirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” MMC və onun tərəfdaşı “ITE Group plc” şirkəti çıxış edirlər. Prezident İlham Əliyev sərgi ilə tanışlıq zamanı “Euronews” televiziyasına müsahibə verdi. Dövlətimizin başçısı milli və xarici pavilyonlarla tanış oldu. Azərbaycan Prezidenti sərginin iştirakçılarına uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.
Mənbə: Milli.Az