“Hər il qan dövranı sistemi xəstəliklərindən 30 min insan itiririk” adlı araşdırma məqalədə son 5-6 ildə ölkəmizdə bu xəstəlikdən hər il 30 mindən çox, ümumilikdə isə 150 mindən artıq insanın dünyasını dəyişdiyi bildirilmişdi. Dünən Səhiyyə Nazirliyi bu mövzu ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, 2012-ci ildə ölkə üzrə 271 min 295 nəfər qan dövranı xəstəliklərindən əziyyət çəkib. Çox təəssüf ki, bu xəstəlikdə cavanlaşma müşahidə olunur. Məsələn, xəstələrdən 15 min 982 nəfəri 0-13 yaşda, 21 min 983 nəfəri 18-19 yaşdadır. 30 və daha yuxarı yaşlı ürək-damar xəstələrinin sayı isə 229 min 251 nəfərdir. Səhiyyə Nazirliyi Cahangir Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev bildirib ki, Azərbaycanda da ürək-damar sistemi xəstəlikləri 10-15 il cavanlaşıb. Onun sözlərinə görə, 1960-1980-ci illərdə 35-50 yaşlı insanlarda miokard infarktına çox az, hətta nadir hallarda təsadüf olunurdusa, indi xəstələrin 30-35 faizində infarkt bu yaşda əmələ gəlir”.
“İnfarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arası baş verir”
Adil Baxşəliyev qeyd edib ki, infarkt kişilərdə daha çox 55-65, qadınlarda isə 60-70 yaş arasında baş verir: “Ümumilikdə infarktın baş verməsi hallarına daha çox kişilər arasında təsadüf olunur. Lakin infarkt nəticəsində qadın orqanizmi daha ciddi zədələnir. Buna görə də qadınlarda infarktdan sonra ölüm halları kişilərlə müqayisədə çoxdur. Çünki qadın orqanizmi buna hazır deyil. Qadınlar infarktın elə ilk dəfə baş verməsi nəticəsində ölə bilərlər. Çünki onlarda zədələnmənin dərəcəsi də ağır olur və daha çox fəsad yaranır. Həm də qadınlar bu xəstəliyə bir az qeyri-ciddi yanaşırlar, kişilər isə qorxurlar”. Həm qadın, həm də kişilərdə müəyyən yaş dövrünün onların həyatları üçün daha riskli olmasına gəldikdə, A. Baxşəliyev deyib ki, konkret olaraq 40 yaşın kişilərin sağlamlığı üçün riskli olması ilə bağlı söylənilənlərin heç bir elmi əsası yoxdur. Onun fikrincə, bu fikir insanlarda qorxudan yaranıb. Buna görə də kişilər 40 yaşı özləri üçün riskli yaş hesab edirlər: “Ancaq ümumilikdə kişilərdə 45-50 yaşdan sonra riskli yaş dövrü başlayır. Çünki 45-50 yaş arasında olduqda artıq kişilər sağlamlıqlarında müəyyən problemlərlə üzləşirlər. Onlarda kişi cinsi hormonlarının aktivliyi çox aşağı düşür. Burada siqaret çəkmənin, stabil qazanc yolunun olmaması da rol oynayır. Urbanizasiya prosesinin baş verməsi də kişilərin həyat tərzinə mənfi təsir edir”.
Qadınlarda xəstələnmə riski...
Qadınlar isə reproduktiv yaş mərhələsində olduğu dövrdə, qadın cinsi hormonları normal fəaliyyət göstərdiyi müddətdə onlarda ürək-damar xəstəlikləri nəzərə çarpmır. Bu hormonlar qadınlara qoruyucu təsir edir, onlarda xolesterini aşağı salır, qan təzyiqinin qalxmasının qarşısını alır. Eyni zamanda, orqanlarda piylənmə əmələ gəlmir: “Əfsus ki, indi qadınlarda 30-35 yaşdan sonra, bəzilərində isə 40-a yaxın adət halı tsiklində pozuntular əmələ gəlir. Bu zaman adət halı tsikli vaxtından qabaq kəsilir, menopauza dövrü başlayır. Bəzən menopauza dövrü çox uzun çəkir. Bu dövr 2-3 il, bəzən hətta 20 ilədək davam edir. Qadınların menopauza dövründən başlayaraq çəkiləri artır. Artıq çəki də ürək-damar sistemi xəstəliklərinin əmələ gəlməsi üçün münbit şərait yaradır, ateroskleroz güclənir. Səhiyyə Nazirliyinin baş kardioloqu Faiq Quliyev isə Trend-ə bildirib ki, Azərbaycanda ürək-damar sistemi xəstəlikləri ilə bağlı vəziyyət heç də xarici ölkələrdəkindən fərqlənmir. Xəstəliyin cavanlaşması və artmasının səbəblərindən biri erkən diaqnostikanın aparılmasıdır. Baş kardioloqun sözlərinə görə, ürək-damar sistemi xəstəliklərinin baş verməsinə səbəb olan risk faktorları ilə mübarizə dünya ölkələrində olduğu kimi, Azərbaycanda da aparılır. Bu risk faktorları siqaret çəkmə, piylənmə, hipodinamiya, artreial hipertenziyadır.
“Bu vəziyyətin bir neçə səbəbi var”
F. Quliyev qeyd edib ki, Azərbaycanda ürək-damar sistemi xəstəliklərinin yaranmasında daha çox hansı faktorların üstün rol oynadığını söyləmək çətindir: “Biz ayrı-ayrı risk faktorlarını müqayisə etdikdə görürük ki, Azərbaycanda Avropa ilə müqayisədə siqaret çəkmə daha çoxdur. Ancaq Hindistan, Çinlə müqayisədə azdır. Risk faktorlarını bir-biri ilə müqayisə etmək, onlardan hansının daha üstün rol oynadığını demək çətindir”.
Mövzu ilə bağlı “Zaman-Azərbaycan”a açıqlama verən həkim-kardioloq Oqtay Musayev isə demişdi ki, bu vəziyyətin bir neçə səbəbi var. Onun sözlərinə görə, bu proses bütün dünyada müşahidə olunur. Oqtay Musayevin sözlərinə görə, yağlı və şəkərli qidalanma, fiziki və emosional stress, passiv həyat tərzi bu səbəblər sırasında öndə gəlir. Erkən yaşlarda siqaretə başlama da ölüm hallarını artıran səbəblər sırasında gəlir. Onun bildirdiyinə görə, bütün bunlardan qorunmaq üçün qidalanmaya diqqət etmək, aktiv həyat tərzi, stresdən uzaq durmaq - hər çətinliyi özünə dərd etməmək, vəziyyətdən səbirlə çıxış yolu axtarmaq lazımdır.
Ekoloq Telman Zeynalov isə qəzetimizə açıqlamasında qeyd etmişdi ki, müstəqillik əldə etdikdən sonra sərhədlərin açılması ilə əlaqədar ölkəmizə müxtəlif dövlətlərdən ərzaq məhsulları, dərman preparatları və s. gətirildi ki, onlardan istifadə də xəstəliklərə gətirib çıxardı: “Ölkəmizə hər il min tonlarla geni dəyişdirilmiş meyvə-tərəvəz gətirilir. Bundan başqa, saxta dərmanlar da el dili ilə desək, insanların evini yıxır. Həmin məhsullardan istifadə bu vəziyyətə gətirib çıxarır”. Telman Zeynalovun sözlərinə görə, hava və yerüstü nəqliyyatın atmosferə buraxdığı zəhərlər, ekologiyanın çirklənməsi də insanlar arasında ölüm hallarının artmasına gətirib çıxarır.
Mənbə: Zaman.Azərbaycan