Yemək təkcə doymağa deyil, həm də ailəni bir araya gətirməyə xidmət edir. Lakin daha iştahalı və yüksək əhvali-ruhiyyəli olmağımız üçün yemək otağının, hətta yediyimiz qabların da rəngi az rol oynamır. Bunun üçün mətbəx və yemək salonundakı rəngləri dəyişmək lazımdır. Əgər yeməyi tez yeyirsinizsə, mətbəx divarlarını açıq mavi rəngdə boyayın. Beləcə, mətbəxdə keçirdiyiniz müddət sizə daha xoş təsir bağışlayacaq. Masa örtüyünü mavi-ağ naxışlı, qabları isə ağ rəngdə seçmək daha yaxşı olardı. Ağ rəng işığı əks etdirdiyi üçün daha diqqətçəkicidir. Salonunuzu daha canlı rənglərlə boyayın. Bunun üçün yaşıl rəng ideal seçim ola bilər. Qırmızı və sarı isə iştahaaçıcı rənglər sayılır. Ayaqüstü yemək üçün tünd yaşıl rəngli naxışları olan ağ, yaxud tamamilə yaşıl qab seçə bilərsiniz. Salonda adyal, xalça, bəzək əşyalarını mavi-yaşıl və ya ağ-krem tonlarında seçməklə əhvali-ruhiyyənizi yüksəldə bilərsiniz. Yataq otağında isə divarlar krem, ağ rəngdə ola bilər. Gündüz tül pərdədən keçən işıq, divarların rəngindən əks olunaraq otağınızı işıqlandıracaq, günə yaxşı başlamağınıza köməkçi olacaq. Yataq örtüyünü, yastıqları isə göy və qırmızı, dekorativ yastıqları sarı və narıncı rəngdə seçmək məqsədəuyğundur. Otağın gündüz işıqlı və enerji verən rənglə təmin olunması, gecə isə tamamilə qaranlıq olması üçün ağ divara, tünd rəngli qalın pərdəyə ehtiyac var.
Mənbə: Zaman.Azərbaycan