Havalar soyuduqca insanlar yavaş-yavaş qış geyimlərini almağa başlayır. Seçimlər müxtəlif olduğu kimi zövqlər də müxtəlifdir. Elə buna görə də mağazaları rəngarəng, müxtəlif formalı geyimlər bəzəyir. Payız aylarında havanın küləkli və dəyişkən olduğunu da nəzərə alsaq, xüsusən, baş geyimlərinin də çox alındığını deyə bilərik. Müxtəlif papaqlar, kepkalar, qulaqcıqlar, bandanalar, yaylıqlı baş örtükləri məhz bu aylarda ən çox alınan geyimlər sırasındadır. Hər nə qədər əksər insanlar papaq sevməsə də, bundan imtina etsə də, nəticədə papaq payız və qış aylarının vazkeçilməz geyimidir. Əvvəllər papaq sadəcə kişilər arasında məşhur olub. 19-cu əsrin əvvəllərinə kimi papaq kişilər arasında xüsusi baş geyimi sayılıb. Qədimlərdən üzübəri hər kişinin başında börk olması əsas şərt idi. Kişidə papaq, arvadda isə ləçək şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə hörmətsizlik müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Hətta oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu. Bu papaqlara "tərlik" deyərdilər. İndiki dövrdə isə papaq öz qiymətini bu qədər saxlamayıb. Soyuqdan qorunmaq, bəzək, aksessuar kimi istifadə edilən papaqları indi nəinki kişilər, elə qadınlar da istifadə edir. Paytaxtda müxtəlif qiymətə papaqlar tapmaq mümkündür. Papaqlar şərflərlə birlikdə kombinlənmiş formada satılır. Qiymətləri də müxtəlifdir. Kişi papaqları 7-18 manat arası, qadın papaqları 15-30 manat arasıdır. Qadın papaqlarının baha olmasına səbəb isə onların müxtəlif bahalı materiallardan toxunması və şərfləri ilə birlikdə satılmasıdır. Metronun "20 Yanvar" stansiyası ətrafında papaq satılan kifayət qədər mağaza var. Papaq satan Arif Quliyevin sözlərinə görə, hələ ki, papaq alan azdır. Havaların isti keçməsinə görə, günə 1 papaq ya satıla, ya satılmaya: "Hava soyuyan kimi papaq satışı sürətlənir. İndi çox papaq alan yoxdur. Alanlar da ya çox nazik papaq alırlar, ya da qulaqları qorumaq üçün qulaqları uzun olan papaqlardan. Əl işləməsi olan papaqlar da var. Bunlar maşın toxuması olanlara nisbətən bahadır. Arada 5-7 manat qiymət fərqi olur. Ən çox tünd rəngli və sadə papaqlara tələb olur. Çoxrəngli, eləcə də böyük bəzəkləri olan papaqlar demək olar ki, alınmır. Yun papaqlar daha çox satılır, çünki, onlar yumşaq və yüngül olmaqla yanaşı, həm də isti saxlayır. İndi havalar sərin keçir deyə "beretka"lar alınır. O da ki, gündə 1 ya 2 ədəd. Qiyməti 11 manatdır". Satışda olan papaqları bəyənməyənlər, yaxud bu qış fərqli papaqlardan istifadə etmək istəyənlər isə papaq toxutdurmağa üstünlük verir. Belə toxunmalar üçün toxuculara sadəcə papağın formasını göstərmək kifayətdir. Toxucusundan və materialından asılı olaraq da qiymətlər dəyişir. 15-20 manat arası olan papaq toxunmasının qiymətinə saplar və ustanın əl haqqı da daxil edilir. Nəticədə istədiyiniz formada və tək sizə məxsus olan papaq əldə edirsiniz. Xüsusən havalar soyuyarkən papaqdan mütləq istifadə etmək lazımdır. Əksər insanlar bunu sevməsələr də, papaq sağlamlıq üçün vacibdir. Həkim-nevropatoloq Allahverdi Musayevin sözlərinə görə, havaların soyuması ilə birlikdə gələn kəskin baş ağrılarının səbəbi elə papaqdan istifadə etməməkdir: "Bu aylarda xanımlarda baş ağrıları daha çox olur. Çünki onlar saçlarını fenlə qurudaraq havaya çıxırlar və baş dərisi isti ikən birdən-birə soyuqla üzləşir. Eyni zamanda, xanımlar saçları yastılaşar deyə papaq qoymaqdan imtina edirlər. Unudurlar ki, saçların öz keyfiyyətini itirməsi, sağlamlığını itirməsi də soyuqla birbaşa əlaqəlidir. Papaqdan istifadə etmək başdan istiliyin xaric olmasının qarşısını alır. Saç soğanaqları çox həssasdırlar və şaxta onlara olduqca mənfi təsir göstərir. Ən pis halda müvəqqəti olaraq saçın uclarını açıq saxlamaq olar. Əgər saçlarınız parlaqlığını itiribsə və sürətlə tökülürsə, bu onların soyuqda qalmasının nəticəsidir. Bir sözlə qış aylarında papaq istifadə etmək vacibdir. Əgər başda papaq yoxdursa, xəstələnmə və üşümə şansı bir o qədər çoxdur". Bu ilin payız və qış aylarının dəbinə gəlincə isə modelyer Günel Rəsulovadeyir ki, retro, militari və kişi tərzində hazırlanmış papaqlar dəbdə olacaq. Bundan əlavə, tünd rəngli papaqlar daha çox göz oxşayacaq. Lakin bu o demək deyil ki, hər kəs bu cür papaqlardan istifadə etməlidir: "Papaq insanın üz quruluşuna uyğun olduqda onun rənginin, formasının artıq heç bir önəmi qalmır. Səhv seçilmiş papaq dəb bir yana, insanı olduqca qəribə və diqqət çəkən edir. Müxtəlif tipli tünd rəngli papaqlar hər qış olduğu kimi, bu qışda da aktuallığını qoruyub saxlayacaq. Payız aylarında, hava çox şaxtalı olmadığı zamanlarda zərif toxunmalı kepka və beretlərdən istifadə etmək, xüsusən bu beretlərin əlvan rəngli olmasına diqqət yetirmək lazımdır. Belə papaqlar aksessuar olmaqla yanaşı, sizi soyuqdan da qorumuş olacaq. Bu qış ümumiyyətlə papaqları ilə yaxalığı bir olan papaq modelləri dəbdə deyil. Belə modellərdə papaqların sapından yaxalıq toxunur, ikisi birlikdə istifadə olunur. Bunun yerinə papaq və qolluqların birlikdə istifadəsi daha gözəl görünə bilər. İstənilən halda, insanlar ürəyinə yatan və üz quruluşuna yaraşan papaqlardan istifadə etsə, daha yaxşı olar".
Mənbə: Milli.Az