Azərbaycanın korifey rəssamı Tahir Salahovun yubileyidir. Bu gün canlı əfsanənin Tahir Salahovun 85 yaşı tamam olur. Əsərləri illərdir dünyanın ən məşhur qalereyalarını bəzəyən Tahir Salahovu yaradıcılığının və ömrünün bu zirvəsinə qaldıran həyat sevgisidir. Tahir Salahov haqqında nəsə yazmaq hər kəsin hünəri deyil. Açığı, bu cəsarətsizliyi mən bu gün özümdə hiss etdim. Böyük adamlar əlçatmaz olduqları qədər də sirli olurlar deyirlər. Tahir Salahovda bu bir qədər fərqlidir. Sirr onun fakturasında deyil, əsərlərindədir. Elə əsərləri var ki, başa düşmək üçün gərək sözün əsl mənasında başın olsun. O isə təkcə belə fəlsəfi düşüncələrlə yüklənmiş zəngin başın yox, həm də bu zənginliyi kətan üzərinə köçürmək iqtidarında olan barmaqların sahibidir. Təsadüfi deyil ki, onun haqqında danışanda da adətən belə söyləyirlər. Fikrin, düşüncənin sözsüz ifadəsinin qüdrətini kətan üzərində yaratmağın ustadı. Həyatın sərt və məsuliyyətli məqamlarını öz əsərlərində əks etdirməsindəndir ki, Tahir Salahov həm də təsviri sənət tarixinə sərt üslubun banilərindən biri kimi daxil olub. Amma eyni zamanda onun bu güllər qədər zərif əsərləri də var. Necə olur ki, belə sərt xarakter həm də gül kimi incə ola bilir? Sən demə, hər bir əsər özündə bir xatirəni əks etdirir. Xalq rəssamı Tahir Salahov: “Xəstələnmişdim. Haradasa 20-25 gün Moskvada xəstəxanada yatdım. Vəziyyətim çox ağır idi. Elə oldu ki, bu vəziyyətdən çıxa bildim. Dekabrın 31-i, Yeni il günü məni evə yazdılar. Evdə mənə gətirilən bu gülləri gördüm. Bu güllər məndə həyata sevgi hissi oyatdı. Fikirləşdim ki, nə qədər bu güllər solmayıb, onları çəkməliyəm”. Elə əsərləri var ki, onlara ömrünün 10 ilini verib. Yeni “Dəniz” əsəri belə əsərlərdəndir. Tahir Salahov illərini xərclədiyi bu tabloya görə hələ 1970-ci illərdə Respublika Dövlət Mükafatı laureatı adını alıb. Bu gün isə onun mükafatlarının sayı-hesabı yoxdur. Şöhrəti də, əsərləri də Azərbaycan miqyasından kənara çıxıb. Rəssam Fransa Zərif Sənətlər Akademiyasının keçmiş SSRİ-dən seçilən cəmi üç üzvündən biridir. Zərif sənətinin bu məqama çatdırdığı rəssamı təbrik edirik. Yaşınız üstünə gələn yaş Sizi bizdən aparmağa tələsməsin. Hələ Sizdən öyrənəcəyimiz çox şey var.
Mənbə: Milli.Az