Avropanın ən yaşlı qadını, italiyalı Emma Moranonun 114 yaşı tamam olub. Anspress-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, Emma hazırda özünü çox yaxşı hiss edir, özü durub gəzir, hətta yeməyi də özü bişirir. Hər gün səhər saat 6-da yuxudan oyanan nənə axşam saat 7-də yatağa uzanır. Emma Morano İtaliyanın uzunömürlüləri arasında 5-ci yerdə qərarlaşıb. Verbaniya şəhərində yaşayan Emmanın ad gününü ölkə prezidenti Jorjo Napolitano da təbrik edərək ona bütün italiyalıların adından səmimi arzularını çatdırıb. Onun ad gününə gələn çoxsaylı qohumları və dostları arasında ölkə jurnalistləri də var idi. Jurnalistləri görən Emma onlara maraqlı sual verib: "Doğrudanmı Avropada məndən yaşlı insan yoxdur?" Xatırladaq ki, Emma Morano ötən il ölkə başçısı tərəfindən “Respublika qarşısında xidmətlərinə görə” ordeni ilə təltif olunmuşdu. Emma 1899-cu il noyabrın 29-da anadan olub. Onların ailəsi İtaliyada uzunömürlü ailə kimi tanınır. Emmanın xalası 101, anası isə 91 yaşında dünyasını dəyişib. Onun 5 bacısının hamısı 90 yaşlarına qədər yaşayıb. Emma 20 yaşından bu yana hər gün mürəbbə və iki çiy yumurta yeyir. Qeyd edək ki, 123 yaşlı boliviyalı dünyanın ən yaşlı insanı hesab edilir.
Mənbə: Milli.Az