Azərbaycanın Argentinadakı səfirliyində Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunun (ISEN) tələbə və müəllim heyəti üçün "Azərbaycanı kəşf et" adlı tədbir keçirilib. Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbir səfirlik və Azərbaycan Diplomatik Akademiyasının (ADA) məzunu, hazırda ISEN-də təhsil alan azərbaycanlı tələbə Elnarə Rzayevanın birgə təşkilatçılığı ilə təşkil olunub. ISEN-in müəllim və tələbələrini salamlayan səfir Məmməd Əhmədzadə ölkəmizin tarixi, mədəniyyəti, bugünkü reallığı, xarici siyasəti, sosial-iqtisadi inkişafı, Azərbaycan-Argentina münasibətləri barədə danışıb. ISEN və ADA arasındakı əməkdaşlığın iki ölkə arasındakı münasibətlərə verdiyi töhfələrdən bəhs edən M.Əhmədzadə bu xüsusda cari ilin avqust ayında ISEN-də Azərbaycanla bağlı, noyabr ayında isə ADA-da Argentina ilə bağlı keçirilmiş tədbirləri xüsusi vurğulayıb. Tədbirdə Azəbaycanın mədəni irsini, sosial həyatını, hazırkı inkişafını, xarici siyasət prioritetlərini, ölkəmizdə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirləri, xüsusilə də 2015-ci il I Avropa Olimpiya Oyunlarına hazırlığı əks etdirən videoçarxlar nümayiş etdirilib. Tədbirin sonunda iştirakçılara Azərbaycan haqqında müxtəlif nəşrlər paylanılıb. Tədbirdə Argentina Xarici İşlər və Etiqad Nazirliyinin rəsmiləri də iştirak ediblər.
Mənbə: Lent.Az