Noyabrın 29-da Masallı şəhərindəki Gənclər Mərkəzində Masallı Rayon İcra Hakimiyyəti, Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin, Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ”İİV və QİÇS-dən gələn təhlükəyə laqeyd qalma!” mövzusunda maarifləndirici tədbir keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov müzakirəyə çıxarılan mövzunun aktual əhəmiyyət kəsb etdiyini, QİÇS-in qurbanları arasında gənclərin daha çoxluq təşkil etdiyini bildirib. Tədbirdə Lənkəran regional HİV/AİDS laboratoriyasının müdiri Rəmiəli İbişov çıxış edərək son vaxtlar gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində mühüm işlərin göruldüyünü, lakin gənclərin bu bəladan xilas olunması üçün təkcə məlumat xarakterli tədbirlərin kifayət etmədiyini, bu bəla ilə ümumilikdə mübarizə aparmağın vacibliyini diqqətə çatdırıb. Ombudsman Aparatının Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı Rayon Təhsil Şöbəsi metodkabinetin müdiri Bəybala Xəlilov və digərləri QİÇS-lə mübarizə yollarına dair təkliflərini veriblər. Diskussiya şəklində keçən tədbirin sonunda iştirakçılara mövzu ilə bağlı ədəbiyyatlar paylanıb.
Mənbə: Lent.Az