Qadin.NET / "Saçlarını yol, gətir..."

"Saçlarını yol, gətir..."

 

Trixotillomaniya - başda və bədənin başqa hissələrində tüklərin qoparılması və yeyilməsidir. Bu cür vəziyyət insan stress keçirəndə və ya psixi problemləri olanda müşahidə olunur. Trixotillomaniya yetkin və yaşlı insanlar arasında kişilərə nisbətən qadınlarda daha çox olur. 23 yaşlı Zülfiyyə Kazımovanın sözlərinə görə, o, sevgilisi ilə ayrıldıqdan sonra saçlarını yolmağa başlayıb: "Əvvəllər heç vaxt məndə belə bir istək yox idi. Lakin sevdiyim insanla ayrılandan sonra güclü stress keçirdim. Saçlarımı yolub qoparmağa başladım. İş o yerə çatdı ki, başımın müəyyən hissələrində keçəlləşmə yaranıb. Buna baxmayaraq, bu istəyimdən yan keçə bilmirəm. Əsəbləşdikcə, stressə düşdükcə tüklərimi daha çox yoluram". Psixoloq Jalə Həmidlinin sözlərinə görə, bu xəstəliyin əlamətləri başda, alında, qaşda, kirpiklərdə tüklərin müəyyən hissələrdə seyrəlməsidir: "Tüklərin seyrəlməsi və keçəlləşmə bir yerdə və ya müxtəlif yerlərdə ola bilər. Bu hissələrdə dəri normal olur və tüklərin follikulları aydın görünür. Bir qayda olaraq trixotillomaniyadan əziyyət çəkənlər öz hərəkətlərinə diqqət etmirlər. Bəzən hətta öz saçlarını, bədənindəki tüklərini yolduğunu inkar edirlər. Trixotemnomaniya xəstəliyindən əziyyət çəkənlər isə başda qaşıntı olanda ağarmış saçları qoparır. Bu cür xəstələr iddia edirlər ki, ağarmış saçların qoparılması qaşıntını azaldır". J.Həmidli deyir ki, trixotillomaniya nevroloji vəziyyətlərdə, şizofreniya zamanı, eləcə də beynin orqanik xəstəlikləri zamanı müşahidə olunur. Uşaqlarda trixotillomaniyanın inkişafı psixi travma nəticəsində yaranır. "Müalicəsinə gəlincə, trixotillomaniyanın xüsusi müalicə üsulları mövcud deyil. Müalicə zamanı xəstə psixoterapiyadan keçir və ona depressiyaya və narahatlığa qarşı dərman yazılır. Eləcə də, müalicədə hipnozun tətbiqi də effekt verir". Psixoloq bildirib ki, trixotillomaniyanın qurbanları daha çox düzgün tərbiyə olunmayan uşaqlar olur: "Belə ki, valideynlər uşağa qarşı həddindən artıq tələbkar olduqda, onunla sərt davrandıqda, uşaqdan onun bacarıqlarından kənar şeyləri tələb edəndə onlarda trixotillomaniya inkişaf edə bilər. Bu cür tərbiyə olunan uşaqlar valideynə tabe olmaq istəmədiyi üçün saçlarını yolaraq reaksiya verirlər. Uşaq ona rahat olmayan şəraitə, davranışa, valideynlərin qoyduğu qaydalara qarşı etirazını bu şəkildə bildirir. Uşaqlarda bu xəstəlik müşahidə olunanda başlarını keçəl qırxdırmaq məsləhətdir". Adətən uşaqlar oyun oynayanda və ya maraqlı bir işlə məşğul olanda saçlarını yolmaq istəyi azalır. Mütəxəssis bildirir ki, xüsusilə də stresli məqamlarda saç yolmağa tələbat çoxalır: "Uşaqlar həyacanlananda, stress keçirəndə isə saçlarını daha çox yolmağa başlayırlar. Bununla yanaşı, uşaq darıxanda da, nə edəcəyini bilməyəndə də saçlarını yolur. Bu xəstəlikdən əziyyət çəkən uşaqlar məktəbdə olanda saçlarını nadir hallarda yolur, evdə olanda isə bu vərdişlərindən yan keçə bilmirlər. Bu, onunla bağlıdır ki, uşaqlar adam arasında olanda bu mənfi xüsusiyyətlərini gizlətməyə çalışırlar. Həm də saç yolmaq istəyi onlar nə iləsə maraqlandıqları üçün azalır". Müsahibimizin dediyinə görə, bəzi hallarda trixotillomaniya mərasim xarakteri daşıyır: "Yəni insan bir növ bunu etməklə özünü və yaxınlarını hansısa bədbəxt bir hadisədən qoruduğunu sanır" deyən Həmidli bildirir ki, saçları yerindən qoparmaq maniyası adətən başın ayrı-ayrı hissələrində saçların olmamasına, keçəlləşməyə gətirib çıxarır. Bu cür hissələr bir neçə yerdə ola bilər. Adətən bu hissələrdə saç tamamilə olmur, qalan hissələrdə isə saç normal qaydada bitir". Trixotillomaniyanın gedişatı uzunmüddətli ola bilər. Çox vaxt da xəstədə müəyyən müddətlik yaxşılaşma müşahidə olunur. Sonra isə trixotillomaniyanın əlamətləri yenidən güclənə bilər. Əgər uşaqlarda bu xəstəlik varsa, 13-14 yaşında, hətta xüsusi müalicə olmadıqda belə keçir. Buna baxmayaraq, trixotillomaniya müalicə olunmalıdır. Belə ki, bu xəstəlikdən uzun müddət əziyyət çəkən şəxsdə şəxsiyyətin patoloji xüsusiyyətləri yarana bilər. Onun dediyinə görə, elə də xəstələr var ki, yolduqları saçları yeyir: "Bu psixi xəstəlik isə trixotillofagiyadır. Bu zaman xəstənin mədəsində saç yumağı yaranır. Bu saç toplusu yeni törəməni də imitasiya edə bilər. Əgər xəstə uzun müddət saçlarını yeyirsə, saç topasını çıxarmaq üçün cərrahi əməliyyat tələb olunur". 

 

Mənbə: Milli.Az

29 noyabr 2013
GO BACK