Noyabrın 29-da Vilnüsdə keçirilən Şərq tərəfdaşlığı sammitində Azərbaycanla Avropa Birliyi arasında viza sadələşdirilməsi sazişi imzalanıb. Gələn il qüvvəyə minəcək bu razılıqdan sonra yaranan ilk sual sadədir: anlaşma Azərbaycana nə verəcək? Hazırda sammitdə iştirak edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bu barədə fikirlərini “Media forum” saytı ilə bölüşüb: - Əvvəla, bu anlaşmaya Şengen vizasının alınmasının sadələşdirilməsi aspektindən deyil, eyni zamanda Azərbaycanın Avropa Birliyi standartlarına uyğunlaşdırılması kontekstindən yanaşmaq lazımdır. Bu anlaşma ölkədə biometrik pasportların dövriyyəyə buraxılmasını təmin etməklə yanaşı, bu sahədə sənədlərin təhlükəsizliyini də reallaşdırır. İkincisi, bu anlaşma Azərbaycan vətəndaşlarının Avropa Birliyinə səyahət imkanlarının sadələşdirilməsi və innovasiyaların ixracı baxımdan dəyərlidir. Üçüncüsü, bu anlaşma Azərbaycanla birlik arasında assosiativ müqavilənin gələcəkdə reallaşdırılması baxımdan pozitiv təsirlərə malikdir. Nəhayət, bu anlaşma növbəti mərhələdə Azərbaycan vətəndaşlarının Avropaya vizasız səfəri üçün zəmin yaradacaq. Moldova təcrübəsi bu yanaşmanı tam olaraq təsdiq edir. - 29 noyabr sazişi Şengen zonasına səyahət edən Azərbaycan vətəndaşlarına nə vəd edir? - Anlaşmanın əsas məqsədi Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və qonaq ölkə vətəndaşlarının daha sadə və asan mexanizmlərlə viza almasını özündə ehtiva edir. Uzunmüddətli vizalarda Şengen ölkəsində qalmaq müddəti 90 gündən 180 günədək artırılacaq. Əvvəllər uzunmüddətli, məsələn, 3 illik Şengen vizası alanlar üçün birlik ölkələrində maksimum qalma müddəti 3 ay idi, indi bu rəqəm 6 ay olacaq. İkincisi, uzunmüddətli vizaların müddətİ 3 ildən 5 ilədək uzadılacaq. Yəni əvvəllər səfirliklər Şengen vizasını maksimum 3 il müddətinə təqdim edirdilərsə, indi bu zaman 5 ilədək uzadılacaq. Üçüncüsü, Şengen vizasının rəsmiləşdirilməsi üçün tələb edilən viza haqqı 60 avrodan 35 avroya endiriləcək. Dördüncüsü, müəyyən kateqoriya Azərbaycan vətəndaşları üçün Şengen vizaları pulsuz təklif olunacaq. Bu kateqoriya kifayət qədər geniş təbəqəni əhatə edir. Bura 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçuları, əlil insanlar, Şengen ölkəsində yaşayanların yaxın qohumlar, jurnalistlər, konfrans və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr daxildir. Beşincisi, vizaların verilməsi üçün tələb edilən müddət 2 dəfə azaldılacaq. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq. Altıncısı, viza alınması üçün tələb edilən sənədlərin sayı kəskin azalacaq. Yeddincisi, Şengen ölkəsində olan və viza müddəti başa çatan Azərbaycan vətəndaşları texniki baxımdan (məsələn, səhiyyə xidməti alanlar) ölkəyə qayıdaraq səfirliyi müraciət etmək imkanları olmadığı halda Avropa Birliyində həmin vizanın müddətini uzatmaq imkanına malik olacaqlar.
Mənbə: Milli.Az