Ağrı elə bir hissdir ki, insanı gündəlik işdən uzaqlaşdırır. Müxtəlif dərmanların qəbulundan sonra sakitləşən ağrıların kökü bəlli olmadıqda bunun uzunmüddətli davam etməsi də istisna deyil. Bəzi insanlar istənilən ağrılarda həkimə müraciət edib müalicə aldıqları halda, əksəriyyət ümumiyyətlə, həkimdən uzaq durur. Müxtəlif türkəçarələr, eləcə də dərmanlarla ağrını sakitləşdirənlər qısamüddətli də olsa, ağrılardan qurtulurlar. İnsanın gündəlik iş qabiliyyətini aşağı salan narahatedici ağrılar sırasında qulaq, boğaz və burun ağrılarının da yeri var. Qulaq ağrıları, boğaz göynəmələri, burun, tənəffüs yollarının yanğısı olduqca narahatedici haldır. Elə qış aylarında ən çox xəstə qəbul edənlər də lor həkimlərdir. Türkəçarələr hər zaman xalqımızın vazkeçilməz müalicə üsulları olub. Elə bu günə kimi davam edən bu müalicə üsulları hələ də ağrıların kəsici çarəsi kimi məşhurdur. Qulaq ağrılarında qulağa qızdırılmış spirt damcıları tökmək, soğan kökünü qızdırıb qulağa qoymaq, qulaq çöpləri ilə qulaq dərinliklərini təmizləmək, boğaz ağrıları zamanı yodla, yaxud mürəbbələrlə boğaz yolunu silmək, boğazı ağrıyanı qusdurmaq, limon suyu içirtmək, burnu qanayanın başını yuxarı qaldırmaq, buruna soğan suyu damcılatmaq və s. kimi üsullar bu gün də gündəmdədir. Bu üsulların nə qədər yararlı olduğunu dəqiq deyə bilməsək də, həkimlər bu üsulların əleyhinədir. Lor həkim Zərifə Niftullayevanın sözlərinə görə, bu gün qulaq, burun, boğaz xəstəlikləri arasında ən çox rast gəlinənlər qulaq pərdəsinin sahibi tərəfindən zədələnməsi, yaxud tamamilə yırtılması, burun çəpərinin zədə nəticəsində əyilməsi və çıxığı, burun quruluğu, boğaz ətinin şişməsi, iltihablanmasıdır. Bu xəstəliklərin ağırlaşmasının səbəbi isə həkim müayinəsi olmadan xəstələrin özləri özlərini müalicə etmələridir: "Xəstə həkimə o zaman müraciət edir ki, onun ağrıları günlərlə davam edir, artıq heç bir türkəçarə işə yaramır, bir sözlə, qulağı, burnu kəsməkdən başqa çarəsi qalmır. Onda həkim baxır ki, orqan elə bir zədəyə məruz qalıb ki, onun müalicəsi uzunmüddətlidir. Belə olan halda xəstə həkimi savadsızlıqda, işini gec görməsində, ləng işləməsində günahlandırır. Halbuki vaxtında müraciət etməyən xəstə özü buna şərait yaradır ki, onun problemi uzun müddət alsın". Bu gün əhalinin əksəriyyətinin qulaq çöplərindən istifadə etdiyini deyən müsahibimizin sözlərinə görə, qulaq çöpləri qulaq ağrılarını yaradan əsas faktordur. Çöplərin istifadəsi qulaq çirkini təmizləmək adı ilə istifadə olunsa da bu çöplər qulağı tıxamaqdan başqa bir işə yaramır. Sadəcə, qulaq nəmini qurulamaq üçün istifadə edilməsi lazım olan bu çöplər çox vaxt qulaq pərdəsinin yırtılmasına da səbəb olur. "Ağrı və ağır eşitmələr də bu yırtılma ilə başlayır. Qulaq çöpləri qulağın girişinə yarım və ya 1 santimetr qədər salınıb təmizlənməlidir. Çünki qulaq pərdəsi təxminən 2,5-3 santimetrdə olur". Həkim deyir ki, insanların ən çox etdiyi səhvlərdən biri də burun damcılarıdır. Apteklərdə reseptsiz satılan bu damcılardan qrip olanlar, eləcə də burunda tutulması olan insanlar alıb istifadə edir. Halbuki, bu dərmanlardan da həkim məsləhəti ilə istifadə etmək lazımdır. Əks halda burun quruluğu ilə yanaşı bir sıra problemlər də yaradacaq: "Burun damcıları 4-5 gündən artıq olmamaqla həkim təyinatı ilə istifadə olunmalıdır. Çünki bu damcılar boğaz yoluna kimi gedir və qurumalara səbəb olur. Daim istifadə olunduqda öyrəşmə yaradır. İnsan rahat nəfəs aldıqda belə dərman istifadə etmədən özünü rahat hiss etmir. Bu tip damcılar damar daraldıcı təsir göstərir. Yerli olaraq burunun iltihablaşmış selikli qişasına təyin edildikdə, ödemi və burundan gələn ifrazatı azaldır. Burun tənəffüsünü bərpa edir. Selikli qişadan ödemin götürülməsi burunun əlavə ciblərinin və orta qulağın aerasiyasını yaxşılaşdıraraq, bakterial ağırlaşmaların inkişafının qarşısını alır. Daim istifadə olunduqda burun qişalarında quruluq, qaşınma, asqırma yaradır. Burunun "dolma" hissi (reaktiv hiperemiya), nəbzin tezləşməsi (taxikardiya), arterial təzyiqin artması kimi sistem simptomatik effektlərə səbəb ola bilər. Eyni zamanda narahatlıq, yuxusuzluq, baş ağrıları, ürəkbulanma müşahidə oluna bilər. Damar daraldıcı preparatların uzunmüddətli fasiləsiz istifadəsi burun boşluğunun selikli qişasının taxifilaksiyası, atrofiyası və qayıdan ödeminə (medikamentoz rinit) səbəb ola bilər". Z.Niftullayevanın sözlərinə görə, istənilən türkəçarənin bir xeyri varsa, min ziyanı var. Özbaşına hər hansı bir dərmandan istifadə etmək, müalicə məqsədi ilə hər hansı bir proseduru yerinə yetirmək istəyən öncədən mütləq bu haqda məlumat toplamalıdır. Xüsusən qış aylarında qulaq və boğazı soyuqdan qorumaq, hava-damcı yolu ilə keçən xəstəliklərin kəskin artdığı bir dövrdə qarşısını alacaq tədbirlər görmək xəstəlikdən qorunmağa yardım edə bilər: "Həkimlər həkimə müraciət edin deyəndə xəstəyə elə gəlir ki, biz onları həkimlərə yönəldirik, çarə demək istəmirik. Halbuki bu, belə deyil. Kitabın, internetin bol olduğu indiki zamanda xəstə nəyin özünə daha yaxşı çarə olacağını özü də bilir. Köhnə üsullardan istifadə etməyin orqanizmin birinci dərəcəli düşməni olduğunu unutmamalı, heç bir halda bu üsullardan istifadə edilməməlidir. Soğan suyu, uşaq qusdurmaq, limon suyu içmək kimi üsulları isə qətiyyən qəbul etmirəm".
Mənbə: Ekspress.Az