Qadin.NET / Valideyn diqqəti olmasa da, onların hüququ qanunla qorunacaq

Valideyn diqqəti olmasa da, onların hüququ qanunla qorunacaq

 

Valideyn diqqətsizliyi bu dəfə 2 yaşlı körpənin bağlı qapılar arxasında qalmasına səbəb olub. Bakının Nəsimi rayonunda köməksiz vəziyyətdə mənzildə qalan 2 yaşlı uşaq hadisə yerinə çağırılan Fövqaladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən xilas edilib. Xilas etmə əməliyyatı nəticəsində 2 yaşlı Zümrüd Abdullayeva otaqda oyaq vəziyyətdə aşkarlanaraq valideynlərinə təhvil verilib. Anspress yazır ki, bənzər hadisə hələ 2 ay bundan əvvəl Yasamal rayonu ərazisindəki 19 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində qeydə alınmışdı. Valideyn məsuliyyətsizliyi səbəbindən 5 yaşlı Əli Mirzəyev mənzildə köməksiz vəziyyətdə qalmışdı. Hadisə yerinə gələn FHN əməkdaşları azyaşlını xilas etmək üçün xüsusi avadanlıqlar vasitəsi ilə binanın 17-ci mərtəbəsindən mənzilə enərək azyaşlını xilas etmişdilər. Valideyn məsuliyyətsizliyi tək bu kimi faktlarla bitmir. Diqqətdən kənar qalan azyaşlılar küçədə, evdə, ictimai yerlərdə bədbəxt hadisələrin qurbanı olur. Ya azyaşlının başına televizor düşür, ya üzərinə qabla dolu qaynar su tökülür, ya da pəncərədən yerə yıxılır. Bundan başqa suda boğulan, ocağa düşənlər də var. Bütün bu hadisələrin valideyn məsuliyyətsizliyindən irəli gəldiyini deyən Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin hüquqşünası Taliyə İbrahimova qurumun bu istiqamətdə yeni və sərt qanunlar təklifinin hazırladığını bildirdi. Valideyn məsuliyyəti haqqında yeni qanun 8 yaşınadək uşaqların valideyn nəzarətindən kənar qalmamasını da özündə ehtiva edəcək. Yeni qanun tam hazırlandıqdan sonra baxılması üçün Mili Məclisə göndəriləcək. Ümumiyyətlə, bu il 40 azyaşlı yol qəzalarında dünyasını dəyişib, 15 uşaq isə suda boğularaq həlak olub, bundan çox sayda uşaq isə valideyninin diqqətsizliyi ucbatından müxtəlif bədbəxt hadisələrin qurbanına çevrilib.

 

Mənbə: Milli.Az

29 noyabr 2013
GO BACK