Qadin.NET / Keysəriyyə doğuş sancısı çəkmək istəməyən qadınların əl atdığı vasitədir

Keysəriyyə doğuş sancısı çəkmək istəməyən qadınların əl atdığı vasitədir

 

Keysəriyyə, bəlkə də, ANS-in ən çox qabartdığı mövzulardan olub. Nəticənin olması isə o deməkdir ki, danışdıqlarımız havaya getməyib. Daha bundan sonra həkimlər qadınları birmənalı olaraq əməliyyat stoluna daşıya bilməyəcəklər, çünki sonunda inzibati məsuliyyəti daşıdıqlarının fərqindədirlər. Elə qadınların özləri də. Etiraf edək ki, keysəriyyə doğuş sancısı çəkmək istəməyən qadınların əl atdığı birinci vasitədir. İndi qadınlarımız uşaq doğmağa tum çıtlamaq kimi baxan söylülər deyil.Bəli, müasir qadınların çoxu təbii doğuşdan qorxur və qorxduqları üçün də keysəriyyəyə qaçırlar. Hesab edirlər ki, bu əməliyyatın heç bir fəsadı yoxdur. Amma təcrübə göstərir ki, keysəriyyə zamanı da ölüm və digər fəsadlar olur. Uzağa getməyək, oktyabrın 25-də əməliyyat stolunda dünyasını dəyişən 26 yaşlı Pərvinə Hüseynovanın faciəsini xatırlayaq. Körpəsini qucağına ala bilməyən təkcə Pərvinədirmi? Onlarla belə faktları sadalamaq olar. Düzdür, Səhiyyə Nazirliyi keysəriyyə ilə bağlı ölüm faktlarını açıqlamaqda maraqlı deyil. Amma ortalıqda əməliyyatın özü ilə bağlı rəqəmlər var. Məsələn, 2011-ci ildə 26 min körpə keysəriyyə ilə dünyaya göz açıbsa, 2012-ci ildə bu rəqəm artıq 31 min olub.

Təsəvvür edin, bu, hələ dövlət xəstəxanalarında aparılan əməliyyatların statistikasıdır. Bu gün keysəriyyə əməliyatları ən çox özəl klinikalarda həyata keçirilir. Baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatının göstərişlərində tövsiyə olunur ki, bu nisbət yüzdə 15-i keçməməlidir. Azərbaycanda isə bu rəqəm hər il artan xətt üzrə gedir. Və bu gün dövlət xəstəxanalarında ana olmaq istəyən hər yüz qadından 30-u, özəl klinikalarda isə hətta 70-i keysəriyyə ilə uşaq dünyaya gətirir. Bəs bu məsələdə maraqlı tərəf kimdir? Az zəhmət, yüksək qazanc hesabına bu əməliyyatı 20-25 dəqiqəyə reallaşdıran həkim, yoxsa keysəriyyəni can rahatlığı bilən gənc analar? Araşdıranda məlum olur ki, elə hər ikisi.Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ehtiyac olmadığı halda keysəriyyə əməliyyatının keçirilməsinə görə, 5 min manatdan 15 min manata qədər cərimə nəzərdə tutulur. Amma hüquqşünaslar hesab edirlər ki, mütləq cəza mexanizmi də olmalıdır. Əks halda bunun heç bir faydası olmayacaq.

Mənbə: Milli.Az

29 noyabr 2013
GO BACK