Ukraynada ölkənin Avropa Birliyinə inteqrasiyasını, Rusiyadan asılılığının azaldılmasını və heçə endirilməsini tələb edən on minlərlə insan paytaxt Kiyevlə yanaşı, müxtəlif şəhərlərin küçələrinə çıxaraq etiraz aksiyaları keçirdi. Prezident Viktor Yanukoviçin əleyhdarları Kiyevdəki Maydanda fasiləsiz etiraz aksiyası keçirdiklərini deyirlər. Nümayişçilərlə polis arasında toqquşmalar da yaşanıb. Avropa Birliyinə assosiativ üzvlüklə bağlı məsələlərdə Yanukoviçin yanında olan Ukrayna müxalifəti indi dövlət başçısına qarşı sərt mübarizə aparır. Çünki rəsmi Kiyev Avropa Birliyinə assosiasiyaya hazırlıqların dayandırılması, MDB ölkələri, xüsusilə də Rusiya ilə inteqrasiyanın gücləndirilməsi ilə bağlı qərar qəbul edib. Ukraynada avrointeqrasiya tərəfdarları yetərincə prinsipial davrandılar. Onlar Viktor Yanukoviç Avropa Birliyinə assosiasiyanın tərəfdarı olanda prezidenti dəstəkləyirdilərsə, rəsmi Kiyevin yenidən Moskvaya meyllənməyə başlamasından sonra dövlət başçısına qarşı sərt aksiyalar keçirirlər.
Bəs belədirsə, Ermənistandakı "Avropa Birliyinin sərt və qətiyyətli tərəfdarları" necə davranırlar? Sentyabrın 3-dək Ermənistandakı "avrointeqrasiyanın mətin tərəfdarları" prezident Serj Sarkisyanı dəstəkləyir, "Çiçəklənən Ermənistan" Partiyası və Erməni Milli Konqresini kəskin tənqid edirdilər. Yerevanda "Ax, Avropa..." deyənlər söyləyirdilər: "Bəli, Serj Sarkisyan pisdir, doğrudur, amma o, pislərin arasında ən təhlükəsizidir, çünki bizi işıqlı Avropaya doğru aparır. "Çiçəklənən Ermənistan" və Erməni Milli Konqresi isə Rusiyaya meylli qüvvələrdir. Deməli, bu qüvvələrlə mübarizə aparmalıyıq. Üstəlik, biz Serj Sarkisyanı yox, onun Avropa Birliyinə inteqrasiyanı nəzərdə tutan kursunu dəstəkləyirik". Lakin Ermənistanın Avropa Birliyinə assosiasiyasını nəzərdə tutan anlaşmanın paraflaşdırılmasından boyun qaçırmasından və Serj Sarkisyanın ölkənin MDB çərçivəsindəki Gömrük Birliyinə qatılması barədə qərarından sonra ermənilər güman edirdilər ki, "qərbyönlülər" küçələrə çıxacaq, etiraz aksiyası keçirəcək, Serj Sarkisyanın istefasını tələb edəcəklər. Onlar düşünürdülər ki, bütün bu biabırçılıqlardan sonra "qərbyönlülər", heç olmasa, susacaqlar. Amma ermənilər yanıldılar: bu adamlar Serj Sarkisyanı dəstəkləməyə, eyni zamanda "Çiçəklənən Ermənistan" və Erməni Milli Konqresinə qarşı "mübarizə aparmağa" davam edirlər. Daha sonra şizoidal, sərsəm düşüncəsi ilə seçilən Zori Balayan Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazaraq qarabağlı ermənilərin adından "Rusiyanın tərkibində olmaq istədikləri"ni dedi. Balayanın vasitəsilə Serj Sarkisyanın Gülüstan müqaviləsinin yeni interpretasiyasına varmaq istəyini də erməni "müxalifətçilər", xüsusilə də "qərbyönlülər" səssiz qarşıladılar. Ermənistan siyasətindəki əxlaqsızlıq da budur. İdiotik xarici siyasət yeridən Serj Sarkisyanı tənqid edən müxalifətçilər və guya Qərbə meylli olduqlarını, ölkənin Avropa Birliyinə inteqrasiyasını istədiklərini deyən insanlar yalnız bir məsələdə qətiyyətli, inadkar və əzmlidirlər: onlar Serj Sarkisyana dönməz şəkildə xidmət edirlər. Yerdə qalan bütün başqa məsələlərdə Ermənistandakı müxalifətçilərin mövqeləri rezin təki elastikdir. Ermənistandakı bu başabəla siyasətçilər addımlarına və əməllərinə bəraət qazandırmaq üçün indi açıq demaqogiya ilə məşğuldurlar. Onlar deyirlər ki, bəs Serj Sarkisyanla qəti mübarizə aparmamalarının səbəbi indiki dəstənin hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə iqtidara daha qatı rusiyapərəst qüvvələrin gəlişi ehtimalıdır. Di gəl, bu adamlar unudurlar ki, Rusiyaya sədaqət andı içməklə, Ermənistanın maraqları və ermənilərin mənafelərini Moskvaya qurban verməklə, ölkəni "şimaldakı ağa"nın quberniyasına döndərməklə Serj Sarkisyan hətta Moskvanın ən qatı tərəfdarlarını belə, təəccübləndirdi. Göründüyü kimi, Ukraynadan fərqli olaraq Ermənistanda müxalifətçilər iqtidarın tam nəzarətindədirlər. David Şahnazaryan, Armen Zavenoviçlər və digər "vətəndaşlar", "qərbyönlü siyasətçilər", "Çiçəklənən Ermənistan" və ya Erməni Milli Konqresi bütünlüklə Yerevandakı iqtidar bandası tərəfindən idarə olunur. Daha dəqiq olsaq, Ermənistandakı cəmiyyətin siyasi mövqeyi yoxdur. Olan yüzlərlə insandır ki, onlar on minlərlə, yüz minlərlə narazı erməninin mövqelərini izhar etmək istəsələr də, alınmır. Xarici siyasətlə bağlı ən önəmli məsələlərdə Ermənistanda bitkin, formalaşmış ictmai fikir də yoxdur. Daxili siyasətlə bağlı məsələlərdə də eyni vəziyyətdir və müxalifət liderləri yalnız öz maraqlarının təminatını düşünürlər. Erməni cəmiyyəti ən əhəmiyyətli məsələlərin təhlili zamanı ucuz populizm, sinizm, hakimiyyətin saxtakarlığı, müxalifətin yalanı, siyasi fırıldaqlar və möhtəkirliyin çirkin əsirliyindədir. Çox ağır, çətin vəziyyətə düşmüş Ermənistanın gələcəyi, seçməli olduğu istiqamətlər və yollarla bağlı bitkin, konkret mövqe yoxdur. Hansı ölkələrlə müttəfiq, hansılarla adi münasibətlərdə olmaq, habelə nəyin real və nəyin utopik olduğu barədə də açıq danışan yoxdur. Halbuki siyasi həyatın məğzi cəmiyyətin yaşamını dolğun etmək, fundamental məsələlərdə ictimai fikri formalaşdırmaqdır. Bu da yoxdur. Rusiya prezidenti Vladimir Putin can rahatlığı ilə Ermənistana yollana bilər. Doğrudur, Yerevanda onun gəlişinə qarşı etiraz aksiyası keçirilir. Sayları ən yaxşı halda 10-15 nəfər olacaq "qatı müxalifətçilər"dən ibarət "geniş xalq kütləsi" V.Putinin gəlişini qətiyyətlə pisləyəcəyini deyəcək. Ermənistanın Prezident Administrasiyasının ssenarisi ilə danışacaq bu təlxəklərin maskaradı ölkədə guya "qərbyönlü qüvvələr"in olduğunu göstərməkdir. Onlar "çox sərt şüarlar" söyləyəcəklər. Hər halda Serj Sarkisyanın istefasını tələb edəsi deyillər ki?! Axı erməni müxalifətçilər yemək, dolanmaq, pul qazanmaq istəyirlər. Şərəflərini satıb ləyaqətlərini hərraca çıxarsalar belə...