Azərbaycanda 15 yaşınadək qızlar arasında doğuş zamanı ölüm hallarına 20-30 yaşlı qadınlara nisbətdə 5 dəfə çox rast gəlinir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, azyaşlı qızların erkən hamiləliyi və doğuşu tibbi risklərlə müşayiət olunur. Qeyd olunub ki, inkişaf etməmiş çanaq doğuşda problemlər yaradır və belə hallarda doğus əksər vaxtı qeysəriyyə əməliyyatı ilə həyata keçirilir. Bundan başqa, azyaşlılarda eklampsiya, obstetrik fistulla (boru vasitəsilə möhtəviyyatın çıxarılması) və digər çətinliklər ucbatından uşaq və ya ana ölümü halları daha yüksək olur. Erkən yaşlarda baş verən hamiləlik və doğuş nəinki ana, həm də uşağın səhhətində böyük çətinliklər yaradır. Əksər hallarda, erkən nikah nəticəsində dünyaya gələn uşaqlar asfiksiyadan, çəki azlığından əziyyət çəkir: “Gənc orqanizm üçün hamiləlik və doğuş böyük stressdir, bu da gənc orqanizmin lazımi dərəcədə inkişaf etməməsi ilə bağlıdır. Erkən yaşlarında baş verən hamiləlik və doğuş gənc ananın səhhətində böyük çətinliklər yaradır. Belə ki, hamiləlik zamanı gənc anada yüksək arterial təzyiq, anemiya və çəkinin aşağı olması müşahidə olunur. Həmçinin erkən hamiləliklər tez-tez erkən doğuş və uşaq düşürmə ilə nəticələnir. Son tibbi araşdırmalara görə, analıq dövrü üçün ən azı 18 yaş həddi uyğun qəbul olunub. Erkən yaşda qızların hamilə qalması, onların tam yetişmədiyi bətndəki uşağın da inkişafını ləngidə bilər, nəticədə isə anormal uşaq dünyaya gələ bilər. Bundan başqa, erkən hamiləlikdə hormonal balanslaşma pozulur, bu da qadının tez yaşlanmasına və gələcəkdə xəstəliklərə tutulmasına səbəb olur”.
Mənbə: Milli.Az