Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında müəllimlər üçün yeni modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı ixtisasartırma sisteminin inkişaf etdirilməsi, müəllimlərin hamılıqla bu sistem əsasında ixtisasartırma təhsilinə cəlbinin təmin edilməsi nəzərdə tutulub. Lent.Az-ın məlumatına görə, dövlət və özəl qurumlar cəlb edilməklə müəllimlərin ixtisasartırması dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə mexanizmi tətbiq olunmaqla həyata keçiriləcək. Bundan başqa, qeyd olunan strategiyada müəllimlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə beynəlxalq təcrübədə özünü doğrultmuş innovativ model və mexanizmlərin tətbiqinə şərait yaradılması və onların ixtisasartırma təhsilinin nəticələrinin stimullaşdırılması da nəzərdə tutulub. Həmçinin, müəllimlər üçün təhsilin bütün pillələrində təhsil alanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanmasının təmin edilməsi də nəzərdə tutulan məsələlər arasındadır.
Mənbə: Milli.Az