Los-Ancelesdəki beynəlxalq avtosalonun açılışını gözləmədən, “Jaguar” şirkəti üstü bağlı yeni sportkar “F-Type”ın sirrini açıb. Kompakt 2-qapılı kupe üç variantdan biri ilə təqdim ediləcək. Milli.Az Auto.az-a istinadən bildirir ki, onlar bir-birlərindən ilk növbədə mühərriklərin gücü və sürət göstəriciləri ilə fərqlənəcəklər. Yeniliyin satışı gələn ilin martına planlaşdırılır. Britaniyada idman avtomobilinin qiyməti 51235 funt sterlinqdən başlayacaq (84200 dollar). Xarici görünüşdən kupe konsept-kar “C-X16”-a oxşayır, əslində isə stasionar damı olan “F-Type Roadster”-in eynidir. Yeniliyin uzunluğu (4470 mm), eni (1923 mm) və təkər bazası (2622 mm) üstü açıq variantda olduğu kimi dəyişilməz qalıb, hündürlük isə 1321 mm-ə qədər artıb ki, bu da 13 mm çoxdur. Damı yığan sistem olmadığından V6 mühərrikli modifikasiyada ümumi çəki 20 kq, V8 mühərrikli modifikasiyada isə 15 kq yüngülləşib. Sportkarın alüminium banı 111 km/saat sürətdə müstəqil hərəkət edən və 81 km/saat sürətdə yığılan avtomatik arxa spoylerə malikdir. Kupenin baqajının həcmi 115 litr artaraq 315 litrə çatıb. Opsiya kimi panorama dam, o cümlədən hər iki mühərrikli modifikasiyalar üçün karbon-keramik əyləc sistemi sifariş etmək olar ki, o da çəkini 21 kq azaldır. “Jaguar F-Type Coupe” 340 a.g. və 450 Nm verən 3.0-litrlik kompressorlu V6 mühərriki ilə təchiz olunub ki, bu da avtomobili 96 km/saata 5.1 saniyəyə çatdırır, maksimal sürət isə 259 km/saatdır. Daha güclü “F-Type S Coupe” isə analoji mühərrikə malik olsa da onun gücü 380 a.g. və 460 Nm-dir. Belə olduqda 96 km/saata sürətlənmək üçün 4.9 saniyə vaxt tələb olunur, maksimal sürət isə 275 km/saatdır. Ən güclü “F-Type R Coupe”-ə gəldikdə demək olar ki, o 550 a.g. və 680 Nm verən 5.0-litrlik V8 mühərriki ilə hərəkətə gəlir. Bu sportkar 96 km/saata 4 saniyəyə çatır, maksimal sürət isə 300 km/saatdır. Bütün variantlar arxa ötürücü və 8-pilləli avtomatik “Quickshift” sürət qutusuna malikdirlər. R-variantı həm də elektron differensial və dartma vektoruna nəzarət sistemi alıb. Böyük Britaniyada “Jaguar F-Type S Coupe”-nin qiyməti 60235 funt sterlinqdir (97135 dollar), “Jaguar F-Type R Coupe”-ni əldə etmək üçün isə 85000 funt (137100 dollar) ödəmək lazım gələcək.
Mənbə: Milli.Az