Xəbər verdiyimiz kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsi hazırlayıb. Hansı ki, həmin sənəddə evdə uşaqları nəzarətsiz qoyan valideynlərin qanunla məsuliyyətə cəlb edilməsi əksini tapır. Hazırda İnzibati Xətalar Məcəlləsində valideyn məsuliyyəti ilə bağlı yalnız bir maddə var. Həmin maddə əsasında da uşağın tərbiyəsinə lazımi qədər diqqət yetirməyən valideyn cərimələnir. Bu cərimənin məbləği isə çox azdır və 40 manatdan yüksək deyil. Yeni hazırlanan layihədə isə yalnız uşağın tərbiyəsi deyil, onun sağlamlığı və təhlükəsizliyi də nəzərə alınır. Layihəyə əsasən, əgər uşağın evdə nəzarətsiz (bağlı qapı arxasında) qalması bir dəfə aşkarlanarsa, valideyn cərimələnəcək. Ancaq uşağın evdə bağlı qapı arxasında, nəzarətsiz, tək qalması mütəmadi təkrarlanarsa, valideynin uşağın təhlükəsizliyi ilə maraqlanmadığı aşkarlanarsa, onda valideynə xəbərdarlıq ediləcək. Qanunvericiliyə görə, uşağın tərbiyəsi və ona nəzarət edilməsi üçün yerli icra hakimiyyəti orqanı tərəfindən nümayəndə təyin ediləcək. Həmin nümayəndə uşağa birbaşa nəzarət etməklə yanaşı, uşağın tərbiyəsi ilə məşğulolma yollarını başa salmaqdan ötrü valideynlə də işləyəcək. Əgər valideyn bu xəbərdarlıqlardan nəticə çıxarmazsa, İXM-yə əsasən, bir neçə dəfə cərimələnərsə, onda valideyn məhkəmə qaydasında valideynlik hüququndan məhrum edilə bilər. Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev qəzetimizə bildirib ki, valideynlərin məsuliyyətsizliyinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması müsbət haldır: "Elə valideynlər var ki, saatlarla uşaqları nəzarətsiz qoyub gedirlər. Uşaqlar çox təhlükəli vəziyyətlərə düşürlər. Ona görə də qanunda bu cür dəyişikliyin olması valideynlərin məsuliyyəti baxımından çox vacib məqamdır. Çünki bu, həm də uşaq hüquqlarının qorunmasına xidmət edir". Bununla belə, N.Quliyev hesab edir ki, valideynin hər hansısa bir kiçik səhvinə görə cinayət məsuliyyətinə cəlb olunması isə düzgün deyil: "Hər bir xırda məsələ valideynin cəzalandırılması üçün əsas ola bilməz. Burada əsas məqam bu məsələnin araşdırılmasıdır. Valideynin uşaqla necə rəftar etdiyini araşdırmaq lazımdır. Bundan sonra valideynin törətdiyi əməllərin nəticələri barədə qərar verilməlidir". O, qanunvericilikdə bu məsələ ilə bağlı dəyişikliyin edilməsini vacib sayır. "Bu, valideynlərin daha məsuliyyətli olmasına xidmət edə bilər". Hüquqşünas Ramil Qaçayevin dediyinə görə, valideynlərin məsuliyyətsizliyini araşdırmaq çətin məsələdir: "Bu prosesə nəzarət etmək çətin ola bilər. Belə ki, uşaqlar valideynin məsuliyyətsizliyi ilə üzləşdikdə aidiyyatı qurumlara necə müraciət edə biləcək? Elə uşaqlar var ki, danışa bilmir, elələri var, telefonla zəng edə bilmir. Bütün valideynlərə necə nəzarət etmək olacaq? Düşünürəm ki, valideyn məsuliyyətsizliyini sübut etmək çətin olacaq" deyən hüquqşünas hesab edir ki, gənc ailələrə uşağa qayğı göstərilməsi barədə hansısa təlimlərin keçirilməsi daha faydalı olardı. Onun fikrincə, bununla bağlı dövlət proqramı hazırlanmalıdır.
Mənbə: Ekspress.Az