Qadin.NET / Bir udum havaya həsrət

Bir udum havaya həsrət

 

Bronxial astma allergik xəstəlik olub, tutma şəklində gedir. Tutmalar azan sinirin qıcıqlanması nəticəsində bronxiol əzələlərin qıc şəkilli yığılmasından və bununla da həmin bronxiolların daralması nəticəsində baş verir. Xəstəliyin allergik mənşəyə malik olması, onda başqa allergik xəstəliklərin (kvinke ödemi, ot qızdırması və s.) olması ilə izah edilir. Həmçinin xəstəliyin başlamasında digər amillər - iqlim, məişət və istehsalat şəraiti və irsi faktorun da müəyyən təsiri var.

Qızılgülə qarşı həssaslıq
Həkim-terapevt Şəhla Abbasovanın Milli.Az-a açıqlamasına görə, bronxial astmanın patogenezində sinir sisteminin və infeksiyanın böyük rolu var. Xəstəlik bəzən bu və ya digər infeksiya zamanı baş verir. Xroniki ocaqlı infeksiyaların - haymorit, xronik tonzillitin də “əməyi” danılmazdır. Bronxial astmada bəzi xəstələr qızılgül iyinə qarşı çox həssas olurlar. Həmçinin süni gül görərkən belə tutmalar təkrarlana bilir. Hətta bu tip tutmalar saman iyindən, müəyyən çiçəklərdən, çiyələk, yun, toz və bəzi dərmanların qoxusi nəticəsində də baş verə bilər. Xəstələr bir şəhərdən başqa şəhərə köç etdikdə bronxial astma tutmalarının tamamilə keçməsi də məlumdur. Bütün bu faktlar bronxial astmanın allergik mənşəli olduğunu və burada sinir sisteminin böyük rol oynadığına sübutdur.
Azan sinir və irsi faktor
Həkim deyir ki, azan sinirin tonusunun artması bronxial astma tutmasına səbəb olur. Tutma vaxtı azan sinir tonusunu azaldan atropinin işlədilməsi həmin tutmanı zəiflədir. Bu xəstəliyin mənşəyində irsiyyətin də rolu var. Belə ki, çox vaxt qohumlar arasında astmatiklərin, eskudativ diatezin, ekzemanın, miqrenin və allergik xəstəliklərin olması bunu təsdiqləyir. Ancaq qeyd etmək lazımdır ki, burada irsiyyət dedikdə bronxial astmaya meyllilik nəzərdə tutulur. Xəstəliyin patogenezində endokrin sistemin də rolu danılmazdır. Tutmaların çox vaxt həddi buluğ çağının başlaması, menstruasiya vaxtı, hamiləlik zamanı və klimaksın təkrar olunması bunun göstəricisidir. Hormon müalicəsinin yaxşı nəticə verməsi də xəstəliyin patogenezində endokrin sistemin rolunu təsdiq edir.
Xırıltı və bəlğəm
Ş.Abbasovanın sözlərinə görə, astma tutmaları bəzən qəfildən, bəzi hallarda isə tədricən başlayır. Tutmadan bir gün və ya bir neçə saat əvvəl xəstələr ümumu yorğunluqdan, əzginlikdən, narahatlıqdan, burunda qaşınmadan və öskürəkdən şikayətlənirlər. Çox vaxt astma tutmaları gecələr, hətta gecənin müəyyən vaxtlarında birdən-birə boğulma ilə başlayır. Bu zaman xəstələr oturaraq rahatlıq tapmağa çalışırlar. Belə ki, bronxiollar daraldığı üçün tənəffüs ləngiyir, nəfəsalma vaxtı qısalır, nəfəsvermə vaxtı isə uzanır (ekspirator təngnəfəslik). Belə halda xəstələrin nəinki nəfəs verdirici əzələlərdən (diafraqma, qabırğaarası əzələlər), hətta yardımçı əzələlərdən (döş-körpücük, çiyin qurşağı) istifadə etməsinə baxmayaraq hava yenə də ağ ciyərdən çətinliklə xaric olur. Bunun nəticəsində kəskin enfizema əmələ gəlir ki, bu da döş qəfəsinin tənəffüs hərəkətlərini azaldır: “Perkusiyada ağ ciyərlərin hüdudlarının genəldiyi, diafraqmanın hərəkətdən qaldığı müşahidə olunur. Auskultasiya zamanı isə müəyyən məsafədə quru, fısıldayıcı və vızıldayıcı xışıltılar eşidilir. Xırıltılar kiçik bronxların sıxılmasından və qatı bəlğəmlə dolmasından əmələ gəlir. Tutma vaxtı rentgendə ağ ciyərin açıq sahələrə (enfizema) malik olduğu görsənir. Bir qədərdən sonra adi və bəzən tutma şəklində öskürək başlayır ki, bu da tutmanın yüngülləşməsini göstərir. Xəstələr bəlğəmi ifraz edə bilmirlər. Ancaq tutmanın sonunda cüzi miqdarda qatı bəlğəm ifraz olunur. Bəlğəmdə eozinofillər, kristal və spirallar tapılır. Tutma vaxtı və tutmadan sonra qanda 20 faizə qədər eozinofillər artmış olur. Tutma zamanı neytrofil leykositoz müşahidə edilir. Qırmızı qanda isə əhəmiyyətli dəyişikliklər baş vermir. Tutmadan sonra tənəffüs yüngülləşir, bəlğəm yumşalır”.
Yuxusuz günlər
Həkim-terapevt bildirib ki, xəstəliyin gedişi müxtəlif olur. Bəzi hallarda tək-tək tutmalar (həftədə bir və yaxud daha seyrək) müşahidə olunur. Bəzən isə tutmalar bir-birinin ardınca davam edərək astmatik hal yaranır. Xəstələr günlərlə yata bilmir, gecə və gündüz boğulma nəticəsində çarpayıda otururlar. Bu isə onları təngə gətirir. Bəzən müalicə və fəsil dəyişikliyində xəstəlik zəifləyir və süstləşir. Ancaq payız-qış aylarında astmatik bronxit yenidən kəskinləşir.
Fəsadlar
Ş.Abbasovanın dediyinə görə, bronxial astma zamanı bronxların hava keçiriciliyi pozulduğundan bu pozğunluq çox vaxt tutmadan kənar vaxtlarda da davam edir. Ağ ciyərlərin bronx mənfəzinin qatı selik və ya irinli selik kütlə ilə tutulur. Bu səbəbdən də orqanizmdə emfizema və ağ ciyər-ürək çatışmazlığı inkişaf edir. Orta və kiçik diametrli bronxların selik qişası qalınlaşır, əzələ qatı hipertrofiyalaşır, damarlar isə kəskin surətdə daralmış olur. Bəzən ağ ciyərdə allergik xarakterli damar dəyişikliyi və iltihabi proses müşahidə olunur. Bronxial astmada bu tip fəsadlara baxmayaraq xəstələr bəzən qocalana qədər yaşayırlar. Ancaq onlar bronxial astmanın fəsadlaşmasından və ya təsadüfi infeksion xəstəliklər nəticəsində dünyasını dəyişə bilər.
Diaqnoz
Terapevt vurğulayıb ki, xəstəliyin diaqnozunu tutma vaxtı, bəlğəmin və qanın analizinə əsasən müəyyənləşdirmək elə də çətin deyil. Bəzi hallarda bronxial astmanı ürək astması ilə səhv salırlar. Ancaq diqqətli müayinə nəticəsində bu fərqi görmək mümkündür. Belə ki, ürək astmasında həmişə ürəklə əlaqəli dəyişikliklər – hüdudların böyüməsi, aritmiya, hipertoniya, aortada aksent və ümumi təngənəfəslik müşahidə edilir. Burada yaş amili də xüsusi rol oynayır. Bronxial astma uşaq və cavan yaşlarda, ürək astması isə ahıllarda xüsusilə hipertoniyalı xəstələrdə müşahidə olunur.
Kompleks müalicə
Ş.Abbasovanın söylədiyinə görə, infeksiya ocaqlarının ləğv edilməsi, iş və məişət şəraitində allergenlərdən qorunma müalicənin əsasını təşkil edir. Bu, sakitləşdirici ümmi tədbirlərin görülməsi, desensibilizəedici dərmanların tətbiq edilməsi, qıcıq ocaqlarının aradan qaldırılması üçün dərman müalicəsinin əhəmiyyətini artırır: “Bəzən bu metodlarla bronxial astma tutmalarını azaltmaq və yaxud yüngülləşdirmək mümkün olmur. Ona görə də ümumi tədbirlərlə birlikdə simptomatik və patogenik müalicə də aparılmalıdır. Tutmaların aradan qaldırılmaq üçün ilk olaraq adrenalin və ya efedrin tərkibli dərman preparatlarından istifadə edilməlidir. Həmçinin dilaltı həblərin qoyulması və ağıza aerozol püskürtmək də köməkçi vasitələr sırasındadır. Çox vaxt azan sinirin tonusunu azaldan və bununla da kiçik bronxları genəldən atropin tərkibli dərmanlardan istifadə olunur. Bronxial astma tutmaları çox vaxt yuxarı tənəffüs yollarının iltihabı nəticəsində baş verdiyindən, antibiotiklərdən istifadə zəruridir. Ancaq burada antibiotiklərin allergik təsiri mütləq nəzərə alınmalıdır. Tutmaların profilaktikası üçün tutmalararası dövrdə aparılan müalicənin də böyük rolu var. Bu səbəbdən də ümumi tədbirlər arasında xəstənin normal yuxu və təmiz hava qəbul etməsi mütləqdir. Yaxşı olar ki, bu tipli xəstələr ildə bir neçə dəfə iqlimi təmiz olan istirahət zonalarında dincəlsin”.

Mənbə: Milli.Az

28 noyabr 2013
GO BACK