Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olan vətəndaşların şəxsiyyət vəsiqəsi alınacaq.Trend xəbər verir ki, Azərbaycan Prezidenti "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. Qanun bu gündən etibarən qüvvəyə minib. Əsasnaməyə edilən dəyişikliklərdən biri də budur ki, vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bu gün Prezident İlham Əliyev bu qanunun tətbiqi haqqında fərman da imzalayıb. Fərmana əsasən, müvafiq icra hakimiyyəti orqanı olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri çağırışçının şəxsiyyət vəsiqəsini alaraq onu sahibinə qaytarmaq üçün Daxili İşlər Nazirliyinə göndərəcək.
Mənbə: Milli.Az