Qadin.NET / Azərbaycanlı qadınlar niyə əcnəbilərə ərə gedirlər?

Azərbaycanlı qadınlar niyə əcnəbilərə ərə gedirlər?

 

Bakıda özünü elmə sərf edən 33 yaşlı Gülşən Məmmədova düşünürdü ki, artıq yaşlı bir qadındır. O, özəl həyat yaşamayacağını və ərə gedə bilməyəcəyini düşünürdü. Bu səbəbdən də özünü elmə, işə, karyera qurmağa sərf etmişdi. Bir gün Turqut Mahmetoğlu adlı türklə qarşılaşanda bu fikirləri alt-üst oldu. Qısa zaman kəsiyində görüşdüyü Turqutla sevişən Gülşən münasibətləri ciddiləşdirmək qərarına gəlib. Turqut Bakıda kimsəsiz olduğu üçün elçiliyi özü edib, Gülşənin “hərisi”ni alaraq, onunla ailə həyatı qurub. Bir müddət Bakıda yaşayan xoşbəxt cütlük Turqutun təkidilə Gülşənin paytaxtda olan mənzilini satıb. Gülşənin maşını və digər bahalı əşyalarını da satdıran Turqut onu Türkiyəyə aparıb. Türkiyədə ilk günlər yaxşı dolansalar da, sonradan Turqutun çirkin niyyəti üzə çıxıb. Bir gün evə sərxoş gələn ər arvadına pul qarşılığında dostu ilə yatmağı əmr edib. Qadını dostu ilə cinsi əlaqəyə məcbur edən Turqut sonralar arvadını qazanc mənbəyinə çevirib. “Bir müddət Türkiyədə Turqutun evində fahişəlik etdim. Müştərilər çox idi. Turqut qazancı götürür, evə yalnız yemək alırdı. Sənədləri də seyfdə gizlətmişdi. Onun əlindən qurtula bilmirdim. Bir neçə dəfə qaçmaq istəsəm də, Turqutun əlaqələri geniş olduğu üçün, bacarmadım. Lakin bir gün Turqut yol qəzasında öldü, mənim də canım qurtardı. Sənədlərimi seyfdən götürdüm. Etiraf edim ki, onun ölümünə sevindim. Pulları da götürdüm, qayıtdım Bakıya”, - deyə Gülşən Məmmədova bildirib. Bakıya qayıdan Gülşən burada öz biznesini qurub. Lakin hələ də çəkdiyi əzabları unuda bilmir. Əslində Gülşən kimi əcnəbiyə ərə gedərək, sonradan bədbəxt olan qızlar çoxdur. Lakin onların bəxti həmişə Gülşən kimi gətirmir. Qeyd edək ki, hələ də əcnəbi kişilərə meyl edən qadınların sayı artmaqdadır. Statistikaya nəzər saldıqda görərik ki, bu ilin birinci yarısında Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayanlarla 800 nikah bağlanıb. Bu göstərici ötən ilin müvafiq dövründə 743 olub. Ekspertlər isə bunun səbəbini müxtəlif amillərlə ölçürlər. Bəzi ekspertlərin fikrincə, əcnəbilərlə nikah həm dövrün tələbi, həm də iqtisadi problemlər və psixoloji amillərlə əlaqədardır. Məsələ ilə bağlı “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Anspress-ə verdiyi açıqlamada bildirib ki, bütün bu fəlakətlərin kökündə əcnəbiyə ərə gedən qızların evləndiyi adam barəsində məlumatsız olmaları durur. “Onlar həmin adamın kim olduğunu bilmədən, pulu var deyə, yaxud da məhz əcnəbi olduğuna görə ona ərə gedirlər. Seminarlarda, tədbirlərdə hər zaman bizə müraciət edən və etməyən şəxslərə mesaj ünvanlayırıq ki, əcnəbiyə ərə getməzdən əvvəl səfirliklərə müraciət edərək həmin şəxs haqqında ətraflı məlumat alın. Amma təəssüf ki, bir çox hallarda qızlar və onların valideynləri bu məsələyə çox biganə yanaşırlar. Məlumatı dəqiqləşdirmədən evlilik kimi önəmli bir qərar verirlər”, - deyə M.Zeynalova bildirib. Ekspertin fikrincə, bu səbəbdən də əcnəbi vətəndaşlara ərə gedən qadınların əksəriyyəti boşanır: “Bir çox hallarda bir dəfə evlənib, ayrılmış qadınlar yenidən ailə həyatı qura bilmirlər. Onlar da başa düşürlər ki, Azərbaycan kişiləri evlənib ayrılmış qadınla ailə həyatına pis baxırlar. Onlar da yenidən evlənmək üçün əcnəbi vətəndaşlarla əlaqə qururlar. Mənə elə gəlir ki, biz bu adətləri və stereotipləri aradan qaldırmalıyıq. Əgər bizim cəmiyyətdə boşanmış qadınlara münasibət bir qədər dəyişsə, əcnəbilərlə evlənənlərin də sayı azalar. Beləcə, qadınlarımız və qızlarımızın həyatı təhlükə altında qalmaz”. Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev Anspress-ə açıqlamasında problemin psixoloji aspektlərdən qaynaqlandığını bildirib. Ekspert deyir ki, ilk öncə ona diqqət yetirməliyik ki, Azərbaycan kişiləri Avropa qadınları ilə evlənməyi sevmirlər. Ekspert buna səbəb kimi əcnəbi qadınlarla bizim kişilərin arasında mentalitet fərqinin olmasını göstərir. “Azərbaycanlı qadınlar xaricilərə ərə gedirlər. Çünki Avropa kişilərinin centlmen davranışları var. Azərbaycan kişiləri qadınla davrana bilmirlər. Qadına xəyanət etmək və s. kimi fikirlər azərbaycanlı kişilərin problemidir. Bilirlər ki, əcnəbi kişisi qadına başqa qiymət verir. Lakin sonradan bunun belə olmadığını görən qadınlarımız problemlərlə üzləşirlər”, - deyə D.Rzayev bildirib. Ekspert bildirib ki, burada bizim kişilərin də müəyyən mənada problemi var. “Biz öz qadınlarımızın qədrini bilmirik. Əcnəbi hətta gedib bardan ən pis fahişəni götürüb arvad edir. Şotland bir tanışım vardı, varlı əcnəbi idi. O fahişəni arvad etdi. İndi də xoşbəxtdirlər. Belə hallar da olur ki, qadın insan alverinin qurbanına çevrilir. Yəni həmişə türklərə ərə gedənlər xoşbəxt olmurlar”, - deyə D.Rzayev bildirib. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova azərbaycanlıların əcnəbilərlə ailə qurmasını müxtəlif səbəblərlə bağlayır. “Adətən hər bir insan fikirləşir ki, əgər onun yaşadığı ölkədə problem varsa, Avropaya getsə, heç bir problem olmayacaq. Başqa bir streotiplər isə düşünür ki, əgər o, avropalı kişi ilə ailə həyatı qurarsa, demək onun azadlığı olacaq. Xüsusən gənc xanımlar fikirləşirlər ki, xarici vətəndaşla ailə həyatı qursalar, problemlərlə üzləşməyəcəklər. Lakin unutmaq olmaz ki, Avropanın özündə də bu gün problemlər çoxdur. Qanuni tərəfdən götürdükdə də Azərbaycan xanımları üçün problemlər yarana bilər. Avropanın elə ölkələri var ki, qanun daha çox kişilərin tərəfindədir. Ancaq Azərbaycanda çox zaman uşağı anası ilə saxlayırlar. Amma Avropanın elə ölkələri var, uşağı ata ilə saxlayırlar. Yəni bütün bunları bilmədən xarici vətəndaşla ailə həyatı qurduqda müəyyən çətinliklər ortaya çıxa bilər”, - deyə Mətanət Əzizova bildirib. Şəriətdə qadınların xariciyə ərə getməsinə, yaxud kişilərimizin xarici qadınla evlənməsinə heç bir əngəl qoyulmur. İlahiyyatçı İsmayıl Əhmədovun Anspress-ə verdiyi məlumata görə, əgər ailə qurulacaq şəxs müsəlmandırsa, onun xarici olması problem deyil. Lakin şəriət müsəlmanın qeyri-müsəlmana ərə getməsi, yaxud müsəlman kişisinin başqa dindən olan qadınla evlənməsinə yol vermir. “Əgər qadın müsəlmana ərə gedirsə, bu haram deyil. İstər türk olsun, istər amerikalı. O, şəxs müsəlmanlığı qəbul edibsə, onda heç bir problem yoxdu”, - deyə İsmayıl Əhmədov bildirib.

 

Mənbə: Milli.Az

27 noyabr 2013
GO BACK