Qadin.NET / Analar, siz səhv bilirdiniz?

Analar, siz səhv bilirdiniz?

 

Beşik körpə üçün çox vacib əşyadır. İlk beşiklərin yaranışı da demək olar, uzun minilliklər bundan əvvələ gedib çıxır. İlk beşiklər 15-ci yüzillikdə taxtadan yaradılıb və üzərinə döşək salınaraq körpə üçün rahat yatağa çevrilib. Zaman ötdükcə belə beşiklərin yellənməsi ağır olduğu üçün tavandan möhkəm iplərlə döşək asılmağa başladı. Həm rahat yellənməsi, həm də uzun müddətli yellənməsi analar üçün ideal çıxış yolu oldu. Günümüzdə beşiklər daha da rahat istifadə üçün dizayn edilir. Artıq istənilən uşaq mağazasından istənilən boyda və ölçüdə, özü yellənən, körpə musiqisi oxuyan modern beşiklər əldə etmək mümkündür. Yellənən beşiklərin, yaxud ayaqda yellədilmənin körpəyə bir ziyanı yoxdur fikrini türk həkimlər qəbul etmirlər. Onlar hesab edirlər ki, körpənin ayaqda yellədilməsi körpədə hətta beyin qanamasına səbəb ola bilər. Körpə valideynlərinə səslənən türk nevroloq Kaya Aksoya görə, uşaqların ayaqda yellədilməsi "uşaq yelləmə sindromu" yaradır ki, bu da körpə üçün çox təhlükəlidir. Yelləmə uşaq beyin zərlərinin yırtılmasına, baş sümükləri arasında, yaxud beyinin sonuncu zərində yerləşən toplam damarların yırtılmasına səbəb olur ki, bu da uşaqda beyin qanamasına şərait yaradır. Həkim bu fikirdədir ki, uşaq yatana kimi yellənməməli, özü yatmalıdır. Ağlasa belə onu beşikdə, yaxud ayaqda yelləmək qəti qadağandır. Bu günə kimi məhz yellənmədən beyin qanaması keçirən uşağın olmasına rast gəlinməsə də, bu ehtimalın tamamən mümkünsüz olmasını da demək olmaz. Pediatr Zemfira Yunisova da uşağın ayaqda yellədilməsinə qarşıdır, lakin o, bunu beyin qanaması ilə əlaqələndirmir. Pediatr bu fikirdədir ki, uşaq yuxuya gedənə qədər öz yatağında olmalı və sakit uzanmalıdır. Bu formada yata bilməyən uşaqlar isə qucaqda sarsıdılmadan gəzdirilməli, yuxuya gedən kimi dərhal yerinə aparılmalıdır: "Əvvəla uşaq beşikdə, yaxud ayaqda elə də möhkəm yellədilmir ki, bu, uşaq beynində qanamaya, yaxud hər hansı bir problemə şərait yaratsın. İkincisi, uşaq yatırmağın da qaydası var, üstəlik, körpə yeni doğulubsa, onun yatma formasına xüsusən diqqət yetirmək lazımdır. Körpə mütləq yellədilərək yuxuya getməz. Valideyn bu fikirdədir ki, körpəni hökmən yellətmək lazımdır. Bir müddət sonra körpə yellənməyə vərdiş edir və yellənmədikdə ağlayır. İlk gündən necə və nəyə öyrəşirsə, sonrakı günlər də bu formada davam edir. Xüsusən körpə qucaqda daşınmamalıdır. Ana qoxusuna öyrəşən körpəni yatağında yuxuya vermək çətin məsələdir. Təmiz hava, çox da yumşaq olmayan pediatrik döşək və əmzik körpənin daha rahat yatması üçün lazımlıdır. O ki qaldı körpənin beyninə qan sızmasına, körpələr möhkəm sarsılmamalı, yellədilməməlidir. Yüngül yelləmə ilə belə bir risk sıfırdır".  Pediatrın sözlərinə görə, ilk gündən uşaq nəyə vərdiş etsə, eləcə də davam edəcəyi üçün mümkün qədər uşağı qucağa və valideyn yatağına öyrətməmək lazımdır. Bəzən 4-5 yaşına çatmış uşaqların belə ayaqda yellədildiyinin, valideyn yatağında yatdığının şahidi olan həkim deyir ki, belə yatmaq uşaqlar üçün düzgün deyil:  "Körpə olmayan, ayağı yer tutan uşaqların ayaqda yellədilməsi artıq ərköyünlük göstəricisidir. Uşaqların valideyn yatağında yatması isə qətiyyən yolverilməzdir. Əvvəla körpəyə çox asanlıqla mikrob keçə bilər. İkincisi, əgər körpədirsə valideynin çevrilməsi nəticəsində boğula, əzilə bilər. Uşaq üçün ən düzgün yataq öz yatağıdır. Buna xüsusən diqqət etmək lazımdır. Körpələrin daim eyni istiqamətdə yatmamasına, eləcə də yumşaq döşəklərdə yatmamasına diqqət etmək lazımdır. Yumşaq döşək uşaq onurğası üçün ziyandır. Daim eyni istiqamətdə yatmaq isə uşaqların başlarında yastılanma və vərdiş yaradar". 

 

Mənbə: Ekspress.Az

27 noyabr 2013
GO BACK