Əmziklərdən valideynlər tək uşaqları sakitləşdirmək üçün deyil, həmçinin onların başını qatmaq üçün vasitə kimi də istifadə edirlər. Anspress xəbər verir ki, müxtəlif növdə, fərqli qiymətlərlə satılan əmziklər körpənin tələblərini ödəməklə yanaşı, bir sıra mənfi cəhətlərə də malikdir.Hər halda ya körpələrin boğazından atribut kimi asılan, ya da valideynlərin cibindən çıxan bu əmziklər həkimlərin fikrincə, əsl infeksiya mənbəyidir. Respublikanın baş pediatrı Nəsib Quliyev hesab edir ki, uşağa əmzik vermənin heç bir xeyri yoxdur. Onun sözlərinə görə, uşağın uzun müddət boş əmziyi əmməsi əmmə fəaliyyətini pozur, onların üz-çənə skeletinin inkişafına və onun formalaşmasına mane olur. Əmziklərlə bağlı sadalanan iradlar bununla bitmir. Respublikanın baş pediatrı Nəsib Quliyev: “Əmziklərdən istifadə uşaqların ana südündən imtinasına gətirib çıxarır. Yəni uşaq bilmir doyur, ya yox”.Həkim valideynlərə körpələrini ana südü ilə qidalandırmağı tövsiyə edir. Süni qida ilə qidalandırmağa məcbur qaldıqda isə bunu əmziklər vasitəsi ilə yox, qaşıqla yedizdirməyi məsləhət gördü. Hər halda bu gün satışda müxtəlif çeşiddə həm rezin, həm də silikon əmziklərə tələbat yüksəkdir. Onlardan istifadə edib-etməməsi isə bilavasitə valideynlərin üzərinə düşən bir məsuliyyətdir.
Mənbə: Milli.AZ