“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına və Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli “Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında Sərəncamına uyğun olaraq, 27 noyabr 2013-cü il tarixində saat 12.00-da Muzey Mərkəzində (pr. 123a, “Muzey Mərkəzi“ binası, III mərtəbə) “Azərbaycan teatrı-140” mövzusunda Respublika elmi-praktiki konfransı keçiriləcək. Milli.Az bildirir ki, konfrans Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən təşkil olunub. Konfransı giriş sözü ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ədalət Vəliyev, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azərpaşa Nemətov açacaqlar. Daha sonra Azərbaycan Dövlət Teatr Muzeyinin təqdimatında milli teatr tarixinə həsr olunmuş videoçarx nümayiş olunacaq. Videoçarxın nümayişindən sonra teatrşünas-alimlər - sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə “Klassik dramaturgiyanın çağdaş rejissor yozumu: örnəklər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov “Üç əsrdən keçən teatr: çağdaş mənzərəsi və prioritetlər” və Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcılıq şöbəsinin müdiri Çingiz Ələsgərli“Azərbaycan teatrının inkişafında aktyor məktəblərinin rolu” mövzusunda məruzuələr edəcək. Məruzələrdən sonra teatr sənətinin müxtəlif sahələrini əhatə edən mövzularda çıxışlar səslənəcək.
Mənbə: Milli.Az