Qadin.NET / Azərbaycanda hansı qrup qana ehtiyac var?

Azərbaycanda hansı qrup qana ehtiyac var?

Bu ilin doqquz ayı ərzində Azərbaycanda 49 400 nəfər donor olub və onlardan 25 tona yaxın qan toplanıb Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva məlumat verib. O bildirib ki, 2012-ci ilin göstəricilərinə baxdıqda nisbi fərqin olduğunu görmək olar. P.Hacıyevanın sözlərinə görə, 2012-ci ildə donorların sayı 59393 nəfər olub və onlardan 29 ton 963 litr qan toplanıb. Baş həkim qeyd edib ki, Aşura günündə həyata keçirilən qanvermə aksiyaları tədarük olunan qanın artmasına səbəb olur: “Bu il Aşura mərasimində respublika üzrə 4437 nəfər qan verib. Bunun nəticəsində 1 ton 774 litr qan toplanıb. Qan verənlərin 2979 nəfəri Bakı şəhərini, 1458 nəfəri isə rayonları əhatə edib. 2012-ci ildə Aşura günü 4007 nəfər qan vermişdi. Buradan da görünür ki, ötən illə müqayisədə bu il qan verənlərin sayı 430 nəfər çox olub”. Hansı qrup qanların üstünlük təşkil etməsinə gəlincə, P.Hacıyeva qeyd edib ki, insanlar arasında müsbət I və II qrup qanlar daha çoxdur: “Ona görə də bu qruplar üzrə Mərkəzi Qan Bankında qan daha çox olur. Belə qanlara insanlar arasında da tələbat daha çoxdur. Ancaq müsbət III və IV qrup qanlar azlıq təşkil edir. Müsbət rezuslara nisbətən mənfi rezuslara tələbat az olduğu üçün toplam da az olur. Xüsusilə mənfi 4 qan qruplu insanlar az olduğu üçün belə qana tələbat da az olub”.

Mənbə: Milli.Az

26 noyabr 2013
GO BACK