Noyabrın 26-da Türkiyənin Antalya şəhərində şahmat üzrə kişilər arasında komandalararası dünya çempionatı start götürəcək. Lent.az-ın məlumatına görə, nüfuzlu yarışda Azərbaycan, Türkiyə, Almaniya , Ermənistan, Rusiya, Ukrayna, ABŞ, Niderland, Misir və Çin yığmaları mübarizə aparacaqlar. Ölkəmizi Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Məmmədov və Vasif Durarbəyli təmsil edəcək. Komandamızın liderləri Şəhriyar Məmmədov və Teymur Rəcəbova isə istirahət verilib. Bu isə o deməkdir ki, noyabrın 17-də Polşanın paytaxtı Varşavada Avropa çempionu olmuş millimizin dünya çempionu olması inandırıcı görünmür. Püşkə əsasən, ilk turda Almaniya Misiri, Hollandiya Çini, Ukrayna ABŞ-ı, Rusiya Ermənistanı, Türkiyə isə Azərbaycanı sınağa çəkəcək. Komandamızın üzvlərindən Rauf Məmmədov Aleksandr İpatova, Eltac Səfərli Draqan Solaka, Nicat Məmmədova Mustafa Yılmaza, Vasif Durarbəyli isə Barış Esenə qarşı oynayacaq. Qeyd edək ki, 9 turdan ibarət dünya çempionatına dekabrın 5-də yekun vurulacaq.
Mənbə: Lent.Az