Qadin.NET / Xoşbəxt evliliklərin sirri nədir?..

Xoşbəxt evliliklərin sirri nədir?..

 

Xoşbəxtlik açarı insanların qapısının önündədir
Mütəxəssislər belə bir fikir də səsləndirirlər ki, ailədə yaxşı münasibətləri davam etdirməyi bacaran insanlar gündəlik həyatlarında bir-biri haqqında mənfi hiss və düşüncələrinin müsbət əlamətlərə təsir etməsinə icazə verməyənlərdir. Belə insanlar bir-birilərinin ümid və istəklərini dəstəkləyir, ortaq bir məqsəd üzərində ailə qurduqlarını düşünürlər. Belə qənaətə gəlinib ki, münasibətlərin normal olması üçün həyat yoldaşı ilə aradakı dostluğu gücləndirmək lazımdır. Şəfqəti paylaşmaq, stressi kənara atmaq, həyat yoldaşınızla mehriban ünsiyyəti davam etdirmək lazımdır. Ailədə bu münasibətlərin pozulmasına səbəb olan müxtəlif amillər var. Amerikalı psixoloqların fikrincə, ailə münasibətlərinin bitməsinin başında aldatma və ailədaxili şiddət gəlir. ABŞ-da aparılan araşdırmaya görə, aildə 60 faiz kişilər, 40 faiz isə qadınlar həyat yoldaşlarını aldadırlar. Kişilərin aldatma səbəbləri həyat yoldaşı ilə dostluq qura bilməməsi, fikirlərini bölüşə bilməməsi göstərilir. ABŞ-da 35 ildir 3 min cütlük üzərində aparılan araşdırmalar onların ayrılma səbəblərinin eyni problemlərdən qaynaqlandığını ortaya çıxarıb.Evlilik həyatında bir çox şey müştərək, ancaq gözlənilənlər fərqli də ola bilər. İllər keçsə də həyat yoldaşları bir-birilərinə prioritetlərinin nə olduğunu konkret bir şəkildə dilə gətirməyə bilirlər. Xüsusilə də kişilər nə istədiklərini anlatmaqda, özlərini ifadə etməkdə çox sıxıntı yaşayırlar. O da məlum olub ki, evlilik həyatında kişinin qadından gözlədikləri ümumilikdə qadınınkından daha çoxdur. Belə ki, hər ikisi də iş yerində çalışıb yorulsa da, kişi evə daxil olduqda “çox yoruldum” deyib uzanır, qadının isə belə bir şansı olmadığı üçün üstəlik kişi ondan bir də gözəl yemək gözləyir. Evin səliqəli olmasını, geyimlərinin təmiz və ütülü, hətta içəcəyi bir stəkan suyu belə qadının gətirməsini gözləyir. Ən önəmlisi isə kişilər analarından gördükləri qarşılıqsız şəfqət, sevgini həyat yoldaşlarından gözləyirlər. Həyat yoldaşlarının “sual kitabı” deyil, “cavab açarı” olmasını, deyinməsilə başının şişirtməsini, göz yaşlarını tökməməsini istəyir.Beləliklə, kişilər qadından anası qədər şəfqətli həyat yoldaşı, güvənəcəyi sadiq, hər şeyi paylaşa biləcək dost, söhbət edə biləcəyi, qəlbinə yaxın mükəmməl bir ürək gözləyirlər. Evli şəxslərlə bağlı aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, evlənmək istəyən fərdlər öncə özlərini, sonra da evlənəcəkləri şəxsləri tanımalıdırlar. Xoşbəxtlik açarı insanların qapısının önündədir, onu başqa yerdə axtarmayacaqsınız. Boşanmaq bir həll yolu deyil və ən son həlldir. Evlilyə yalnız fərdlər deyil, ailələr, mədəniyyət də daxildir.Əsas şərt qarşılıqlı inam hissidir.Psixoloq Taryel Faziloğlu Milli.Az-a açıqlamasaında deyir ki, xoşbəxt evliliyin əsas şərti qarşılıqlı inam hissidir: “Ailə quran cütlüklər ailə qurmadan bir-birlərinə nə qədər inandıqlarını gözdən keçirməlidirlər. Bu gun qurulan ailələrin qısa müddətdə ailədaxili münaqişələrə girmələrinin kökündə ailə qurarkən qarşılıqlı inam hissi olmadan, sadəcə seksual cəlbetmə üzərində qurulmasıdır. Bu da qısa bir müddətdən sonra tükənir və cütlüklər arasında soyuqlaşma və istəksizlik yaranmağa başlayır. Nəticədə qarşılıqlı şübhələr, qısqanclıqlar meydana gəlir ki, əksər bu tip ailələrin sonu boşanma ilə bitir”. Psixoloqun fikrincə, ikinci əsas şərt düşüncə tərzlərindəki uyğunluğun olmasıdır: “Belə olmadıqda ailə quran cütlüklərin tam fərqli maraqlarının olması əvvəlcə cüzi mübarizəyə, sonra da açıq münaqişəyə çevrilir ki, bu da ailənin sonunu gətirir. Basqa bir əsas şərt də cütlüklər arasında qarşılıqlı bir-birlərini itirmə qorxusunun cüzi də olsa, öz aktuallığını qorumasıdır. Bu hiss onların münasibətlərini hər zaman təzə tutacaq və daim qarşı tərəfə diqqətli olmağa sövq edəcək”.
İnsanlar təmənna üzərində ailə qurmamalıdırlar
Sosioloq Əhməd Abbasbəyli isə Milli.Az-a bildirdi ki, müəyyən dövrlərdə hansısa göstəricilər dəyişir: “Azərbaycanda göstəricilər belə idi ki, daha çox qız və oğlan tərəfin insanları bir-biri ilə dil tapırdılar. Daha çox o ailələr məsuliyyət daşıyırdılar. Bu günləri zəmanə gəncləri daha çox bir-biri ilə tanış olurlar, özləri ailə qurmağa çalışırlar. Yəni artıq valideynlərin bu sahədə rolu azalıb. Eyni zamanda gənclər daha müasir düşünürlər, daha sərbəstdilər. Məsələn, əvvəllər qadının işləmə problemi vardısa, bu gün artıq bu, belə deyil, qadınlar normal çalışırlar. Düşünürəm ki, xoşbəxt ailə üçün, ilk növbədə, hər iki tərəf həm, oğlan, həm qız bir-birini başa düşməlidirlər, güzəştə getməlidirlər, qarşılıqlı hörmət olmalıdır. Hər iki tərəfin valideynlərinə hörmət olmalıdır. İnsanlar təmənna üzərində ailə qurmamalıdırlar”.Sosioloqun fikrincə, digər tərəfdən isə ola bilər ki, çox gözəl bir ünsiyyət qurulur və sevgi olur, ailə qurulur: “Sonra bir çox sosial problemlər həmin münasibətlərə kölgə sala bilir. Bu mənada onların sosial, maddi problemləri gərək münasibətlərə kölgə salmasın. Elə bir ailə yoxdur ki, orada söz- söhbət olmasın. Və hər iki tərəfin yaxınları problemləri daha çox aradan qaldırmağa çalışmalıdırlar, nəinki şişirdib, daha da böyüdüb ailənin dağılmasına səbəb olacaq səviyyəyə çatdırmalıdırlar. Bu mənada böyüklərin ağsaqqallığı, müdrikliyi mühüm rol oynayır. İstər-istəməz yeni qurulan, xüsusilə gənc ailələrdə bir müddətdən sonra müəyyən xarakter toqquşması olan bir an olur. Xaricdə ailə qurmadan öncə uzun müddət bir yerdə yaşayırlar və bir-birini tanıyırlar, xarakterləri uyğunlaşır. Bu cür nikahlar geniş yayıldığına görə, xarakter toqquşmasına az-az rast gəlinir. Azərbaycan ailələrində müxtəlif ailələrdən gəlirlər, müxtəlif xarakterlər, ailə münasibətləri müxtəlif cür olduğuna görə müəyyən müddətdən sonra xarakter toqquşması labüddür. Həmin toqquşmalar dövründə həm gənclər, həm də onların valideynləri bu toqquşmanı söndürmək istiqamətində iş görməlidirlər. Təəssüf ki, bizdə bəzi valideynlər bunu qızışdırmağa çalışır və nəticədə də boşanmaların sayı artır. Normal insan xoşbəxt ailə qura və bu ailə uzun müddət davam edə bilər”.
Xoşbəxtlik sevgidən başlayıb dostluqda bitməlidir
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə Milli.Az-a bildirdi ki, xoşbəxt ailə anlamı əslində mücərrəddir, xoşbəxt əhval-ruhiyyə ilə bağlı formalaşan psixoloji bir haldır: “Əgər bizim üzümüzə kimsə gülürsə və biz onun sevincini hiss ediriksə, bundan xoşbəxtik. Lakin bəzi hallarda bunu xoşbəxtlik kimi qiymətləndirmirik. Bəzi insanlar elə düşünür ki, ailədə daim hər iki tərəf gülümsəməlidir və bu, xoşbəxtliyin açarıdır. Əslində belə deyil, ailə cəmiyyətlə təmasda olan bir institutdur. Cəmiyyətdə baş verən hadisələr ailəyə transfer olunur, odur ki, əgər cəmiyyətdə hansısa neqativ hallar varsa, ailə bundan yan keçə bilmir, bu, sosial-psixoloji durum adlanır. Belə hallarda adətən eyni fikirli və bütün çətinlikləri birgə daşıya bilməyən cütlüklər arasında münaqişələr başlaya bilir. Lakin ailə üzvləri bir-biri ilə dost ola bilirsə və birinin fikrini elementar jestlərdən oxuya bilirsə, həmin an bu jestlərə uyğun hərəkətlər edirsə, demək, bu ailədə dostluq, diqqət, hörmət var. Biz digər dostlarımızı daha yaxşı tanıyırıq və onların xarakterini bilib ona uyğun davranırıq. Amma ailədə dost olmadıqda bu mümkün olmur. Biz bir-birimizə dözmürük və inkar edirik bir-birimizi. Xoşbəxtlik sevgidən başlayıb dostluqda bitməlidir. Onda ideal ailə olur”.M.Zeynalovanın sözlərinə görə, sadəcə indi daha dözümlülük və bir-birinin yerinə özünü qoyaraq onun yerində olmaq vərdişi yaranıb, bir də ictimai qınaqdan qorxu yoxdur: “Digər amil isə insanların secim imkanlarının genişlənməsidir. İndi elə gənclər var ki, sanki heç özləri də bilmirlər niyə evlənirlər, yəni ailənin nə olduğunu dərk etmirlər. Bəlkə ona görə də möhkəm olmur indi ailələr. Bu da bir amildir”.Birliyin sədri deyir ki, əslində ailənin xoşbəxtliyinə mane olan amillərdən biri gənclərin iqtisadi asılılığıdır: “Gənc ailə üzvü iqtisadi asılı olduğu halda asılı olduğu tərəflərin rəyləri fikirləri və düşüncələri, tələbləri ilə oturub-durmalı olur. Məsələ insanların gənc yaşında evlənməsində deyil, gəncin ailə həyatına erkən yaşından hazırlaşdırılmasındadır. Əvvəllər böyük ailə olanda ailənin büdcəsinin idarə edilməsi məsələsi ailənin bir üzvü tərəfindən həyata keçirilirdi və imkanlar bərabər bölünürdü. İndi daha çox bolluq və müxtəlif tələbatlar ortaya cıxdığından bu cür bölgülərin həyata keçirilməsi çətinləşir. Əgər gənc erkən yaşından əməyə və pulun idarə edilməsinə hazır olsa, onun ailəni idarə etməsi elə də çətin olmaz, bu, həm qadın, həm də kişiyə aiddir. Əgər gənc ailə iqtsiadi asılı olsa, o halda təbii ki, qeyri-ədalətli bölgüdən natamamlıq hissi meydana gəlir, bu da narazılıqları artırır”.
Mənbə: Milli.Az
26 noyabr 2013
GO BACK