Qadin.NET / Azərbaycanda məktəb direktorları üçün təlimlərə başlanılır

Azərbaycanda məktəb direktorları üçün təlimlərə başlanılır

 

Azərbaycan Təhsil Nazirliyi Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib.Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, zəruri pedaqoji və psixoloji bilikləri olan, strateji düşüncə tərzi olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorları yetişdirməkdir. İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək. Təlimlərin müddəti 2014-cü ilin 21 yanvar - 21 aprel (3 ay) tarixlərini əhatə edəcək. Dərslər gündə 3 saat (həftəlik 15 saat) olmaqla, həftənin 5 günü təşkil ediləcək. Müsabiqədə iştirak üçün namizədin ali pedaqoji təhsili, beş illik pedaqoji iş təcrübəsi olmalıdır. Təlimlərdə iştirak üçün son müraciət tarixi dekabrın 15-dir. Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvana göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur. Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə "Uğur sertifikatı" təqdim olunacaq. "Uğur sertifikatı" əldə etmiş və hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq, gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar isə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

 

Mənbə: Milli.Az

25 noyabr 2013
GO BACK