Qadin.NET / Azərbaycanda valideynlərin uşaqlara qarşı cinayət törətməsi ağırlaşdırılmış hal kimi qəbul ediləcək

Azərbaycanda valideynlərin uşaqlara qarşı cinayət törətməsi ağırlaşdırılmış hal kimi qəbul ediləcək

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda valideynlər tərəfindən uşaqlara qarşı hər hansı cinayətin törədilməsinin cəzanı ağırlaşdıran hal kimi qəbul edilməsini təklif edib. Komitədən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın 1.2.10 bəndinə əsasən, Dövlət Komitəsi valideyn məsuliyyətinin artırılması və valideyn vəzifələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklərin edilməsi üçün qanun layihəsi hazırlayıb. Qanun layihəsi valideynlik vəzifələrinin yerinə yetirilməməsi, həmçinin uşaqların təhlükəsizliyi və onlara nəzarətin yerinə yetirilməməsi ilə bağlı hüquqi məsuliyyəti nəzərdə tutur. Hazırda aidiyyəti dövlət orqanları tərəfindən rəy və təkliflərin bildirilməsi üçün layihəyə baxılır. Komitədən bildirilib ki, ailə və sosial-məişət münaqişələri zəminində yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş cinayətlərin sayı 2011-ci ildə 88 fakt olubsa, 2012-ci ildə bu faktların sayı 51-ə enib. Komitədən əlavə edilib ki, çox vaxt ailədaxili zorakılıq hallarının uşaqlar tərəfindən bildirilməsinə az rast gəlinir. Ona görə də bu sahədə tədbirlərin gücləndirilməsi olduqca vacibdir. Dövlət Komitəsi məktəblərdə məktəb psixoloqlarının işinin gücləndirilməsi istiqamətində Təhsil Nazirliyi ilə birgə fəaliyyət göstərməyi də nəzərdə tutur. Dövlət Komitəsindən bildirilib ki, ailədaxili zorakılıq hallarının qarşısının alınması məqsədilə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun tələblərinə uyğun olaraq 2012-2013-cü illər ərzində bütün ölkə üzrə məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün təlimlər keçirilib. Komitə tərəfindən keçirilən təlimlərdə yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sahəsinin əməkdaşlarının iştirakı təmin edilib.

 

Mənbə: Milli.Az

25 noyabr 2013
GO BACK