“Dünyada 70% qadın və ya qız həyatı boyu cinsi və ya fiziki zorakılığa məruz qalır. Hər il dünyada milyonlarla qız və ya qadın həqarət edilir, döyülür və öldürülür”. APA-nın xəbərinə görə, bunu BMT-nin Rezident Əlaqələndiricisi Antonius Bruk “Qadınlara qarşı zorakılığa “yox” deyək” layihəsinin yekunlarına həsr olunmuş tədbirdə çıxışında deyib. O bildirib ki, hər bir ölkə qadınlara qarşı zorakılıqla mübarizəyə dair öz strategiyasını müəyyən etməlidir. A.Brukun sözlərinə görə, qadına qarşı zorakılıq heç bir zaman qəbul edilməməli və bağışlanmamalıdır: “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, onların siyasi, iqtisadi, sosial və digər sahələrdə hüquqlarının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir”. Azərbaycandakı mövcud vəziyyətə gəlincə, A.Bruk qeyd edib ki, burada da qadınların gender bərabərliyi, onların hüquqlarının müdafiəsi olunması istiqamətində müəyyən boşluqlar var: “Amma hər bir vətəndaş, qurumlar bu istiqamətdə öz səylərini birləşdirməlidir. BMT Azərbaycan hökuməti ilə gender zorakılığının aradan qaldırılması istiqamətində işlərini davam etdirir. BMT bu sahədə müştərək səylərini görməkdədir. Son 6 il ərzində beynəlxalq təşkilat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə qadınlara qarşı zorakılıqla mübarizə gününü qeyd edir və bu işlər gələcəkdə də davam etdiriləcək”.
Mənbə: Milli.Az